BMT Təhlükəsizlik Şurası İrana dair fövqəladə toplantı keçirəcək
Martın 14-də Birləşmiş Ştatların təkidi ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçiriləcək.
APA TV-nin "Ria Novosti"yə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın qurumdakı xüsusi nümayəndəsi Samanta Pauer açıqlama verib.
"Daha öncə İran rəsmiləri tərəfindən sınaqdan keçirilən raket sistemlərinin bilavasitə İsraili təhdid etmək məqsədi daşıdığı istiqamətində bəyanatlar verilib. Biz təşkilatın digər üzvünə, eləcə də əsas müttəfiqimizə qarşı yönələn istənilən təhdidləri pisləyirik".
Samanta Pauer həmçinin rəsmi Tehrana Təhlükəsizlik Şurasının nüvə silahı daşımaq qabiliyyətinə malik ballistik raketlərin sınağını qadağan edən 2231 saylı qətnaməsini də xatırladıb.
"Birləşmiş Ştatlar üçüncü ölkələrə İranın nüvə proqramını dəstəkləməyi qadağan edən bu qətnamənin yerinə yetirilməsində israrlıdır və biz hazırda bu addımlara müvafiq cavab verilməsi məsələsini nəzərdən keçiririk".
Qeyd edək ki, həftənin çərşənbə axşamı və çərşənbə günləri İran ordusu tərəfindən bu ölkənin istehsalı olan ballistik raketlərin sınağı həyata keçirilib. İran Hərbi Kosmik Qüvvələrinin komandanı, ordu generalı Əmir Əli Hacızadə mətbuata açıqlamasında ölkəsinin raket sınağı həyata keçirdiyini təsdiqləyib.