Bayramda bölgələrə gedənlər, avtobus biletlərini əvvəlcədən alın! - AVTOVAĞZALDAN REPORTAJ

Hər il olduğu kimi bu il də Novruz bayramı ilə əlaqədar Bakıdan bölgələrə gedənlərin sayı artacaq. Bayram günlərində ən gərgin iş qrafiki ilə işləyən sahələrdən biri nəqliyyat sektoru olacaq. Sərnişindaşımada əsas ağırlıq isə həmişə olduğu kimi yenə də avtovağzalın üzərinə düşür. “M Trans” MMC-nin sözçüsü Məhəmməd Abdullayev APA TV-yə açıqlamasında bildirib ki, bayram günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək.

 

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən  etibarən tətil günlərinin sonuna qədər iş qrafikində dəyişiklik edəcək. Adi günlərdə Bakıdan bölgələrə və əks istiqamətdə 400-450 reys təşkil edilir. Amma bayram günlərində sərnişinlərin sayı artdığı üçün xəttə 700 avtobus buraxılacaq. 200-250 avtobus isə  ehtiyat üçün saxlanılacaq”.

 

Məhəmməd Abdullayev qeyd edib ki, sərnişindaşımada qiymətlər dəyişməyib və süni qiymət artımına yol verməmək üçün Tarif Şurası tərəfindən təsdiq edilən qiymətlər kassaların yanındakı tablolarda əks olunub. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də şimal bölgəsi və Naxçıvan Muxtar Respublikası istiqamətində sərnişinlərin daha çox olacağı gözlənilir.

 

“Məsələn, Naxçıvana gündəlik 4 avtobus yola salınırsa, bayram günlərində onların sayının 8-ə qaldırılması nəzərdə tutulur.  Ümumilikdə, Yeni İl bayramında, 31 dekabr - 4 yanvar tarixində 1680 reyslə 43 minə yaxın sərnişin daşınıb. Bu bayramda isə rəsmi tətil günlərinin sayı çox olduğu üçün sərnişinlərin sayının daha da çox olacağı gözlənilir. Sıxlığın olması ilə əlaqədar sərnişinlərə bir neçə gün əvvəldən bilet almağı məsləhət görürük”

 

Məhəmməd Abdullayev qiymətin süni şəkildə qaldırılma hallarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyini deyib: "Düzdür, bəzi sürücülər süni şəkildə qiymətləri qaldırırlar. Ancaq hazırda 11 nəfərdən ibarət qiymət komissiyası var və onlar vağzal ərazisində gəzərək qiymət artımının olmamasına nəzarət edirlər. Qiymət artımı aşkar edilən avtobuslar və mikroavtobuslar isə xətdən çıxarılır".

 

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı isə bayram ərəfəsində  sıxlığın ən çox yaşanacağı istiqamətlərin  - Şimal bölgəsi və Naxçıvan Muxtar Respublikası olduğunu deyib.

 

O qeyd edib ki, sərnişinlərin rahatlığı üçün kassaların yeri dəyişdirilərək 1-ci mərtəbədən 3-cü mərtəbəyə keçirilib.

 

“26 otaqdan ibarət kassa fəaliyyət göstərir. Kassaların yerini göstərən xüsusi nişanlar quraşdırılıb.  Sərnişinlər biletləri 10 gün əvvəldən onlayn yolla da əldə edə bilərlər. Tarif Şurası tərəfindən təsdiq edilən  qiymətlər kassaların yanındakı tablolarda əks olunub".

 

Neqativ halların yaşanmaması üçün sərnişinlərin biletlərini kassalardan almaları məsləhət gördüklərini deyən qurum rəsmisi onu da bildirb ki, sərnişinlər  avtovağzalda hər hansı problemlə qarşılaşarlarsa, o zaman 012 499-70-38 nömrəli  telefona zəng vurub şikayətlərini bildirə bilərlər.

 

Şöbə müdirinin sözlərinə görə, sərnişinləri biletsiz və ya baha qiymətə daşıdıqlarına, insanlarla rəftarda kobudluq etdiklərinə və digər qanunsuzluqlara yol verdiklərinə görə son 2 ayda 6 sürücü ilə müqaviləyə xitam verilib. Onların arasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin öz sürücüləri ilə yanaşı, özəl şirkətlərin sürücüləri də var:

 

"Biz tərəfdən sürücülərə ciddi nəzarət var. Əgər sərnişinlər sürücülərlə problemlərinin yaranmamasını, eləcə də mənzil başına rahat və qanunauyğun şəkildə çatmasını istəyirlərsə, onlar da bizə kömək etməlidirlər. Axı hər sürücünün başının üzərində bir nəzarətçi saxlamaq mümkün deyil. Sərnişinlər də biletləri vaxtında yalnız kassalardan almalı və qarşısına çıxan neqativ hallar barədə dərhal nəzarətçilərə məlumat verməlidirlər. Belə olsa, getdikcə məsələlər qaydasına düşəcək. Hər halda biz mövcud problemlərin həlli üçün digər tədbirlərin də görülməsini planlaşdırırıq".

 

Ümumilikdə, hər il bayram günlərində avtovağzalda müəyyən narazılıqlar baş verdiyinə diqqət çəkən Şəfa Mehmanqızı qeyd edib ki, bəzi sərnişinlər rayona getməyə yarım saat qalmış kassaya gəlir və bilet almaq istəyir. Amma həmin vaxt sıxlıqla və ya biletin azlığı ilə əlaqədar sərnişinlərlə avtovağzal əməkdaşları arasına narazılıq yaranır.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı