Amerikanın 3 ştatı su altında: küçələrdə balıqlar üzür

Birləşmiş Ştatlar son bir neçə ilin ən güclü sel fəlakəti ilə üz-üzə qalıb. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, Amerikanın 6 ştatında eyni anda fövqəladə vəziyyət elan edilib.

Hazırda ən çətin durum Luiziana, Arkanzas və Texas ştatlarında hökm sürür. Adı çəkilən ərazilərdə yerləşən onlarla yaşayış məntəqəsi su altında qalıb, 3500 yerli sakin evakuasiya edilib. 12 milyon nəfər isə hələ də yaşayış üçün təhlükəli ərazilərdə qalmaqda davam edir.

Su səviyyəsinin artacağı təqdirdə sakinlərin qalan hissəsi də öz evlərini tərk etmək məcburiyyətində qalacaq. Qeyd edək ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı artıq 5 nəfərə çatıb, zərərçəkənlərin sayı isə onlarla ölçülür.

Bu arada sosial şəbəkələr vasitəsilə yollar və yol kənarlarından axan su ilə üzən balıqların görüntüləri yayılıb.

Müəllif | Apa.Tv
Apa.tv