Martin Şults: "Avropa Trampın prezident seçilməsinə hazır deyil"
Avropa Parlamentinin sədri Martin Şults "Köhnə dünya"nın Donald Tramp kimi bir prezidentə hazır olmadığını düşünür. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu mövqeyini M. Şults Avropa sosial demokrat partiyalarının rəhbərləri ilə görüşdən öncə Fransanın "I-Tele" telekanalının efirində qonaq olarkən səsləndirib.
"Avropa, elə Birləşmiş Ştatların özü də belə bir prezidentə hazır deyil. Donald Trampın siyasi üslubu günahkarın kənarda axtarılması bəhanəsi ilə digərlərinə qarşı hücumlardan ibarətdir. D. Tramp hər vəziyyətdə günahkarı kənarda axtaran siyasətçilərdəndir".
Martin Şults eyni zamanda milyarder namizədin sosial-iqtisadi məsələlərdə sərgilədiyi mövqeyini də kəskin tənqid edib. Qeyd edək ki, Birləşmiş Ştatlar prezidentliyinə respublikaçı namizədin adı iyulun 18-dən 21-dək partiyanın Ohayo ştatının Klivlend şəhərində keçiriləcək qurultayında bəlli olacaq. Bu adı qazanmaq uğrunda hazırda Donald Tramp, Marko Rubio, Ted Kruz və Con Keysik mübarizə aparır.