Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib
Gənc Tamaşaçılar Teatrında yazar Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə yazarın qələm dostları və oxucular iştirak ediblər. Yeni romanı haqqında danışan Qan Turalı bu kitabın onun yaradıcılığında önəmli yerə malik olduğunu bildirib.
"Roman iki paralel süjetdən ibarətdir. Birinci süjetdə qədim Azərbaycan tarixi ilə bağlı hadisələr işıq üzü görür. Müasir roman isə bir yazıçı haqqındadır və hər iki hissə üzvi şəkildə bir birinə bağlıdır. Bu romana özüm də çox inanıram və ümid eləyirəm ki, bu roman Azərbaycan oxucusunun da zövqünü oxşayacaq və onların kitabxanalarında layiqli yerlərdən birini tutacaq".
Qeyd edək ki, roman mətn içində mətn üsulu ilə tərtib edilib. Burada paralel zamanlar, parodiya kimi çağdaş romançılığın məşhur fəndlərindən istifadə olunub. "Fələk qırmancı" romanının məzmununda "inanc-şübhə", "sevgi-nifrət", "yazmaq-yazmamaq", "yaddaş-yaddaşsızlıq" kimi mövzular əsərin süjet xətti ilə səsləşərək, bir-biri ilə vəhdət təşkil edir.