Ankarada partlayış: 27 ölü, 75 yaralı - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

Ötən gün Ankarada növbəti terror aktı törədilib. APA TV-nin məlumatına görə, qanlı olay Kızılay meydanında, Atatürk Bulvarına yaxın ərazidə baş verib.

 

Bomba ilə yüklü avtomobil sürətlə avtobus dayanacağına yaxınlaşdıqdan sonra partladılıb. Partlayış o qədər güclü olub ki, ətrafdakı maşınlar və sərnişin avtobusu  yanıb, yaxınlıqdan binaya ziyan dəyib. Əraziyə çoxlu sayda təcili yardım briqadaları  və yanğınsöndürənlər cəlb edilib.

 

Ankara Valiliyinin yaydığı açıqlamada bildirilib ki, partlayış nəticəsində hadisə yerində 23 nəfər ölüb. Daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində 75 nəfər yaralanıb. Ölü sayının artacağı istisna olunmur.

 

“Reuters” xəbər agentliyi Ankarada baş vermiş partlayışı PKK terror təşkilatının törətdiyini bildirib. “Reuters” xəbəri Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, ilkin araşdırma bombalı hücumun PKK terror təşkilatı və ya ona bağlı qruplar tərəfindən törədildiyini deməyə əsas verir.

 

Terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan vurğulayıb ki, ölkəsi heç bir zaman terrora boyun əyməyəcək. Ərdoğan vətəndaşları əmin edib ki, hüquq-mühafizə orqanları tezliklə bu qanlı olayı planlaşdıran və törədənləri taparaq cəzalandıracaq.

 

Qeyd edək ki, bu il fevralın 17-də Ankarada daha bir terror aktı baş vermişdi. Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına olan bombalı hücum nəticəsində 28 nəfər həlak olmuş, 61 nəfər isə yaralanmışdı.

Müəllif | Apa.Tv