Azərbaycan-İran sərhədində atışma: 5 sərhəd pozucusu öldürüldü

Ötən gün Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

 

APA TV-nin məlumatına görə, sərhədçilərin "dayan" əmrinə tabe olmayan sərhəd pozucularına qarşı atəş açılıb. Açılan atəş nəticəsində 3-ü Banqladeş vətəndaşı, 2-si isə Yardımlı rayon sakini olmaqla 5 nəfər ölüb.

 

Saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası  istiqamətində hərəkət etməsi aşkar edilib və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilib. Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının dayan çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq, onlara qarşı silahlı müqavimət göstəriblər.

 

“Dövlət sərhədi haqqında qanun”un tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunub, nəticədə sərhəd pozucularından 5-i yaralanıb, 2 nəfər isə saxlanılıb. Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq, yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb.

 

Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkar olunub. Ölənlərdən 3-ü Banqladeş vətəndaşı, 2-si isə Yardımlı rayonunun Ostayir kənd sakinləri Sadiq Teyyub oğlu Rəhimov və Əkbər Əjdər oğlu Qasımov olub. Axşam saatlarında onların meyitləri Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Meyitlər müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil veriləcək.

 

Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.  

Müəllif | Apa.Tv