İşə düzəltmək adı ilə vətəndaşlardan pul alan dələduz tutuldu

Yasamalda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.

 

APA TV-nin məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini, əvvəllər dələduzluq etdiyinə görə dəfələrlə məhkum olunmuş Yaşar Səmədov saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, Y.Səmədov vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda pulunu mənimsəyib. Saxlanılan şəxs vətəndaşları əsasən işə düzəltmək adı ilə aldadaraq onlardan pul alıb, lakin sonradan verdiyi vədləri yerinə yetirməyib.

 

Qeyd edilən faktlarla bağlı Y.Səmədov barəsində başlanan araşdırmalar davam etdirilir. Polis əməkdaşları Y.Səmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Y.Səmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə 012-432-30-28 şəhər, 051-591-01-02 mobil telefon nömrələrinə zəng edərək  məlumat verə bilərlər.

Müəllif | Apa.Tv