Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi - PROQRAM

“Ermənistan tərəfindən Azərbaycanın işğal altındakı ərazilərində erməni mənşəli suriyalı qaçqınların yerləşdirilməsi beynəlxalq humanitar hüquqa və insan haqlarına ziddir”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı sədrliyinə həsr olunan brifinqdə deyib. O bildirib ki, Suriya böhranı digər bölgə və ölkələrə də təsir göstərir:

 

"Əldə olunan məlumatlara əsasən, müəyyən kateqoriyadan olan suriyalı qaçqınlar işğal altındakı torpaqlarda və münaqişənin toxunduğu digər ərazilərdə məskunlaşdırılır. Bu ərazilərin tarixi sahibləri oraları tərk etmək məcburiyyətində qalıblar. Beynəlxalq birlik Suriyadakı böhranın həlli yollarını axtardığı bir vaxtda bu münaqişədən əziyyət çəkən insanların iztirabları digər bölgədəki münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün istifadə olunur. Bu, gözlənilməz nəticələrə səbəb ola biləcək təhlükəli prosesdir.

 

Beynəlxalq birlik Ermənistanın bu fəaliyyətinə lazımi qiymət verməlidir".

 

Brifinqdə oktyabrın 1-də BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayan Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Aqşin Mehdiyev bu ay üçün Təhlükəsizlik Şurasının fəaliyyəti barədə məlumat verib.

 

Aqşin Mehdiyev bildirib ki, oktyabrda Şura üzvlərinin Afrikadakı Böyük Göllər regionu ölkələrinə səfəri planlaşdırır. Ayın ilk dekadasında Konqo Demokratik Respublikası, Ruanda və Uqandaya səfər ediləcək, Afrika İttifaqı Təhlükəsizlik Şurası ilə məsləhətləşmələr keçiriləcək.

 

Bundan başqa Təhlükəsizlik Şurasında İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa həsr olunmuş yüksək səviyyəli iclas olacaq.  

 

Aqşin Mehdiyev Azərbaycanın sədrliyi dövründə Təhlükəsizlik Şurasında 12 açıq iclasın keçirəcəyini deyib.

Müəllif | Apa.Tv