Ankara terrorunu gerçəkləşdirən qadının adı açıqlandı

Ankarada 13 mart terrorunu gerçəkləşdirən şəxsin adı məlum olub. APA TV-nin "Sözçü"yə istinadən xəbərinə görə, 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən dəhşətli terror aktını Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir törədib.

 

Hadisə yerini araşdıran mütəxəssislər BMW markalı avtomobildən tapılan cəsəd parçaları və barmaq izindən terrorçu qadının şəxsiyyətini müəyyən edib. "İlkin nəticələr terrorçunun Səhər Çağla Dəmir olduğunu göstərir. Bu məlumat doğruya ən yaxındır, ancaq araşdırma davam etdirilir" - deyə adının açıqlanmasını istəməyən polis məmuru bildirib.

 

Balıkəsir Universitetin tələbəsi olan Dəmir 4 qadın rəfiqəsi ilə birlikdə Balıkəsir İkinci Ağır Cəza Məhkəməsində PKK terror təşkilatına üzvlük və təbliğ etməkdə təqsirləndirilərək mühakimə olunur. Dəmir ilə birlikdə Hamidə Saklı, Kader Saklı, Sürəyya Saklı adlı üç bacı və Yeşim Akyürekli adlı tələbənin son məhkəməsi ötən ilin dekabrında baş tutub və məhkəmə qərar vermək üçün təxirə salınıb.

Müəllif | Apa.Tv
Apa.tv