Uşaqlara üzməyi neçə yaşdan öyrətmək lazımdır? - SU İDMANI SARAYINDAN REPORTAJ

İdmanın ən maraqlı və faydalı növlərindən biri üzgüçülükdür. Artıq çəkili insanlar da daxil olmaqla hər kəs üçün faydalı hesab olunan üzmə, ürək-damar sistemini, bədən formasını, sağlamlığı nizamlı olaraq qorumağa kömək edir. Üzgüçülük ürək sağlamlığını və davamlılığı inkişaf etdirir, xolesterini nəzarət altına alır və təzyiqi tənzimləyir. Bu proses oynaqların yüngülləşməsinə, əzələlərin isə müqavimətinin artmasına səbəb olur.

 

Üzgüçülüyün digər faydası isə ağciyərlərin və tənəffüsün sağlam işini təmin etməkdir. Bu idman növü insana dinclik və sakitlik qazandırır, həmçinin artıq çəkidən azad olmağa da kömək edir.

 

Üzgüçülük uşaqların sağlamlığında, hərtərəfli fiziki inkişafında böyük əhəmiyyətə malikdir. Mütəxəssislər hesab edir ki, 4-9 yaş uşaqlara üzməyi öyrətmək ən ideal mərhələdir. Su İdman Sarayının məşqçi-mütəxəssisi Nurəli Məmmədov APA TV-yə açıqlamasında üzgüçülüyün uşaqların sağlam böyüməsində mühüm rol oynadığını deyib. Onun sözlərinə görə 4-9 yaş arası uşaqlar  müəllimin onlardan nə istədiyini anlayır, məhz buna görə də  bu yaş mərhələsi çox əhəmiyyətli sayılır. Mütəxəssis deyir ki, bu yaşda olan uşaqlar 15-20 dəqiqə müəllimə diqqətlə qulaq asa bilir və onun tapşırıqlarını düzgün yerinə yetirməyi bacarırlar. Məşqçi idmanın bu növünə uşaqlar arasında indi daha çox maraq olduğunu da diqqət çəkib: "Üzgüçülüyə maraq daha da artıb. Məşqlər zamanı uşaqlara müxtəlif oyunlar və professional dərslər keçirilir. Bir müddətdən sonra uşaqlar iki qrupa bölünür. Əgər valideynlər uşaqlarının idmanın bu növü ilə peşəkar səviyyədə məşğul olub gələcəkdə yarışlara qatılmasını istəyirlərsə, onlara ayrıca dərslər keçirilir. Yox əgər sağlamlıq və həvəs üçün üzgüçülüyə meyl edirlərsə, onlar məşqçinin nəzarətində arzuladıqları müddətdə üzgüçülüklə məşğul ola bilərlər".  

 

Mütəxəssisin sözlərinə görə, üzgüçülükdə suyu hissetmə anlayışı var. Bu anlayış dəri reseptorları və əzələ proprioreseptorları ilə təmin olunur. 6-7 yaşlı uşaq artıq müvafiq olaraq siqnallara adekvat reaksiya verə bilir. Yaşca daha kiçik uşaqlar isə bədənlərinə, onun hərəkətinə və göstərdikləri müqavimətə suyun təzyiqini hiss edir, amma anlaya bilmirlər ki, belə olan halda, suyun üzündə qalmaq üçün nə etmək lazımdır. Bu prinsipə əsaslanaraq, üzgüçülük üzrə  məşqlərə məhz 4 yaşdan başlamaq məsləhətlidir: "İlkin başlanğıc üçün uşaqlarla həftədə üç dəfə məşq etmək yetərlidir. Amma bir müddətdən sonra, yəni təxminən 2-3 aydan sonra ki, uşaqlarda özlərinə tam əminlik yaranır və məşqlərin sayı artırılır. Bu zaman məşqlərin sayı 4-5 dəfəyədək artırılır".

 

Üzən zaman bədənin az qala bütün əzələləri və skelet quruluşu hərəkətə keçir, nəticədə bütün bədən boyu qan dövranı sürətlənir. Sağlam toxuma quruluşunun bol qan və bol oksigenlə təminatı hər bir insan üçün vacibdir. Uşaqlara üzməyi öyrətməklə profilaktika və qamət pozuntusunun düzəldilməsi, əzələlərdə gərginliyin azaldılması, onurğanın boşaldılması, daxili orqanların fəaliyyətinin normallaşması, əzələ korsetinin möhkəmləndirilməsi, əzələlərin, orqanların və toxumaların qidalanmasının yaxşılaşdırılması, çəkinin  effektiv azaldılması, orqanizmin möhkəmləndirilməsi, stressin azaldılması kimi nəticələrə nail olmaq olar: "Üzgüçülükdə əslində yaş həddi yoxdur. Amma 4-5 yaşından başlamaq məsləhətdir, çünki bu zaman uşaqların bədənin elastik olur. Və bu gələcəkdə skalioz və kifoz xəstəliklərinə düçar olmasının qarşısını alır. Hazırda adını çəkdiyim xəstəliklərlə bağlı bizə müraciətlərin sayı daha çoxdur. Onlar üzgüçülüyə məhz həkim məsləhəti ilə göndərilənlərdir. Həmin uşaqlar burada yenidən həkim məsləhətindən keçir və xüsusi məşğələlərlə üzgüçülük öyrənirlər. Çünki hər bir xəstəliyin fərqli tapşırıqları var. Bu da bilavasitə həm həkimin , həm də məşqçinin birgə nəzarəti altında həyata keçirilir. Eyni zamanda belə uşaqlar xüsusi qruplara ayrılır. Yəni həvəskar üzgüçülərlə bir yerdə məşq etmirlər".

 

Çəkiliş zamanı balaca üzgüçülərlə də tanış oluruq. Onların üzmə məharəti isə diqqətimizi dərhal cəlb edir.

 

10 yaşlı Murad Namazlı deyir ki, məktəbdə dərsləri ikinci növbə olduğundan, o məşqlərə səhər saatlarında gəlir: "4 aydır üzgüçülüyə gəlirəm. Amma üzməyi ilk dəfə burada öyrənməmişəm, başqa yerdə öyrənmişəm. Burada daha yaxşı öyrənirəm. Başlanğıcda yaxşı deyildi, indi daha sərbəst üzürəm. Mən daha çox boyuma görə gəlirəm".

 

Digər həmsöhbətim də 10 yaşı var, amma həmyaşıdından fərqli olaraq o üzgüçülüyə iki həftədir gəlir: "Üzməyi burada yox, dənizdə öyrənmişəm. Burada müəllim çox yaxşı öyrədir. Hələlik qolcuqlarla üzürəm. Məktəbdə ikinci növbəyəm, ona görə səhər tezdən oyanıb bura gəlirəm. Üzgüçülüyü sevirəm, yorulmuram, gün ərzində gümrah oluram".

 

Məşqçi deyir ki, uşaqlar üçün ən vacib şərtlərdən biri yaxşı hovuzun seçilməsi, suyun təmiz, təlimçilərin isə səbirli olmasıdır. Övladınızı üzgüçülüyə yazdırmazdan əvvəl mütləq onun hovuzun parametrləri ilə tanış olun. Hovuza baş çəkin, işçilərlə danışın, təlimçilərlə tanış olun, suyun təmizliyini təsdiqləyən arayışlara baxın. Eyni zamanda, duş kabinələrini yoxlayın, soyunma-geyinmə otaqlarında qızdırıcıların olmasına və içərinin sərin olmamasına diqqət yetirin. Ən əsası isə uşaqlarınızı mütləq üzgüçülüyə yazdırın. Bununla onun sağlam həyatını elə uşaq vaxtından qarantiya altına almış olarsınız. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı