Lənkəranda bir ailə qəzaya uğradı: 4 yaralı
Lənkəranda bir ailənin 3 üzvü daxil olmaqla 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə martın 13-də saat 16.30 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.
Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Elsevər Bayramovun idarə etdiyi “BMW” markalı, 10 TV 358 dövlət nömrə nişanlı minik avtomobili Astara rayonunun Şiyəkəran kənd sakini, 1974-cü il təvəllüdlü Nicat Seyran oğlu Qulamovun idarə etdiyi "Volkswagen Passat" markalı, 07 BF 192 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Onların səyləri ilə hər iki avtomobilin sürücüsü daxil olmaqla, "Volkswagen Passat"ın sürücüsünün qızları - 2001-ci il təvəllüdlü Nərgiz və 2005-ci il təvəllüdlü Nüşabə Qulamovalar çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına təhvil verilib. Yaralıların dördünə də müvafiq tibbi yardım göstərilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.