Ucarda “Zaporojets”lə “İnfiniti” toqquşdu: 5 yaralı
Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə martın 13-də səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 235-ci kilometrliyində, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
“Zaporojets” və “İnfiniti” markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay rayon sakinləri - “Zaporojets” markalı minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Elnur Söhrab oğlu Rəhimov, sərnişinləri - 1985-ci il təvəllüdlü Səidə Ramil qızı Əhmədova və onun azyaşlı övladı, 2012-ci il təvəllüdlü Kənan Taleh oğlu Əhmədov, “İnfiniti” markalı minik avtomobilinin sərnişinləri, Sumqayıt şəhər sakinləri - 1956-cı il təvəllüdlü Sənubər Zabit qızı Əliyeva və onun oğlu, 1976-cı il təvəllüdlü Teymur Sabir oğlu Rəhimov xəsarət alıblar.
Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər. Faktla bağlı araşdırma aparılır.