Aydın Əliyev: "Gömrük tariflərinə yenidən baxılması mümkündür"

Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") təşkilatçılığı ilə "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" mövzusunda konfrans işə başlayıb.

 

APA TV-nin xəbərinə görə, tədbirdə gömrük xidmətinin idxal və ixrac potensialının inkişafında rolu, gömrük rəsmiləşdirilməsi və gömrük sistemində təkmilləşdirilmə mövzuları müzakirə olunur.

 

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatı qarşısında yeni prioritetlər qoyur: "Dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycanda yeni sənaye müəssisələrinin yaradılmasını, yeni iş yerlərinin açılmasını zəruri edir. Son dövrlərdə Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub. Azərbaycan gömrük xidmətini dünyada nümunəvi bir gömrük orqanına çevirəcəyik" - deyə komitə sədri bildirib. Onun sözlərinə görə, gömrük tariflərinə yenidən baxılması mümkündür. Hökumətə bəzi idxal rüsumları ilə bağlı təkliflər də göndərilib: "Təkliflər də ondan ibarətdir ki, Azərbaycanda istehsal olunan mallara yaşıl işıq yandırılsın. İstehsalçıların hüquqlarını qorumalıyıq. Eyni zamanda istehsal olunan xammalın komponentlərinin idxal rüsumları düşə bilər".      

 

Aydın Əliyev bildirib ki, artıq bir neçə ildir dünya iqtisadiyyatı dərin bir iqtisadi böhrandadır. Bu, neft məhsullarının qiyməti ilə, dünyada baş verən siyasi proseslər, bir çox ölkələrdə təhlükəsizliyin təmin edilməməsi  ilə bağlıdır. "Təəssüf ki, narahatlıq yaradan sahələr gündən-günə artır. Bir çox yerlərdə müharibələr gedir. Aydın məsələdir ki, bu hadisələr bütün ölkələrin iqtisadiyyatına təsirsiz qalmır. Son illər ərzində dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinin dəyişdirilməsi və digər hadisələr ölkə iqtisadiyyatı, iqtisadi siyasəti qarşısında yeni prioritetlər qoyur. Bunu ölkə başçısı da öz çıxışlarında xüsusi qeyd edib" - deyə A.Əliyev qeyd edib. 

Müəllif | Apa.Tv