Özünü FHN əməkdaşı kimi təqdim edən dələduz yaxalandı

Özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək, Qax, Zaqatala və Balakən rayonları sakinlərinin külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəyən şəxs yaxalanıb.

 

APA TV-nin  məlumatına görə, ötən ilin dekabr ayında bir qrup Zaqatala sakini Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasında anadan olan, hal-hazırda Bakı şəhərində yaşayan 1966-cı il təvəllüdlü Toğrul Rza oğlu Adıgözəlov tərəfindən aldadılaraq, pullarının mənimsənildiyini bildiriblər.

 

Zərərçəkmişlərin sözlərinə görə, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edən Toğrul Adıgözəlov komissiya üzvü olduğuna onları inandıraraq, 2012-ci ilin may ayında baş verən zəlzələ zamanı zərər görmüş evlərinin tikiləcəyinə söz verməklə külli miqdarda pullarını mənimsəyib.

 

Martın 12-də Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Toğrul Adıgözəlov Bakı şəhərində tutularaq istintaqa cəlb edilib.

 

Keçirilən əməliyyatla T.Adıgözəlov saxlanılıb. Onun Qaxda 22, Zaqatalada isə 17 nəfərin hər birindən 1500-8000 manat aldığı müəyyənləşib. Həmin şəxsin əməllərindən zərər çəkmiş digər şəxslərin də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur. 


Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Vüqar Heydərov