Bayram bazarlığı: nə baha, nə ucuz - BAZARLARDAN REPORTAJ
Axır çərşənbə ərəfəsində paytaxt bazarlarında qiymətlər nəzərəçarpacaq dərəcədə bahalaşıb. APA TV-nin bazarlarda keçirdiyi monitorinq zamanı ən çox ət məhsulları, çərəz və meyvələrin bahalaşdığı məlum olub.
Hazırda bazarlarda yerli qoz ləpəsinin bir kiloqramının qiyməti 15 manatdan başlayır. Bayram şirniyyatının hazırlanmasında istifadə olunan qabığı soyulmuş qoz ləpəsi 18 manata, təmizlənmiş fındıq ləpəsi isə 16 manatdır. Əksəriyyəti xarici ölkələrdən gətirilmiş badam ləpəsi 23 manata satılır. Özbəkistan kişmişi 11 manat, adi qara kişmiş 8 manat, ağ kişmiş 7 manatdır. Ərik qurusu, albuxara, qaysı da qiyməti artmış çərəzlərdəndir. Satıcılar bu məhsullara daha çox bayram zamanı tələbat yarandığını, qiymətlərin bu səbəbdən artdığını bildirirlər.
Çərəzlərin baha olması səbəbilə əhali sındırılmamış qoz və fındıq almağa üstünlük verir. Həm ləpələmək, həm də bayramda qapılara atılan papağa qoymaq üçün. Zaqataladan gətirilmiş qozun bir kiloqramı 4 manatdan təklif olunur, əgər çürüyü yoxdursa, bir kiloqram qozdan 300 qram ləpə almaq olur. Fındığın kilosu isə 5-6 manatdır.
Meyvələrin də qiymətində bahalaşma müşahidə olunur. Süfrəlik almanın bir kiloqramı sortundan asılı olaraq 1,50-2 manata təklif olunur, armudun qiyməti isə 2,50 manatdan başlayır. Narınginin də bir kiloqramı 2,50 manatdır. İki-üç həftə əvvəl 1,40-1,70 manata təklif olunan portağal da qiymətə minib, indi satıcılar bu sitrus meyvəsini 1,90-2,20 manata satırlar.
Bazarda günü-gündən ucuzlaşan yeganə məhsulun göyərti olduğunu söyləsək, yanılmarıq. Göyərti məhsullarının bollaşması qiymətlərə ciddi təsir göstərib. Hazırda standart göy dəstəsinin qiyməti 5-10 qəpik arasında dəyişir. Kartof və soğanın qiymətində cüzi artım var. Bu, tələb-təklifdən deyil, bazardakı ümumi bahalanmadan qaynaqlanan artımdır. Şəmkir, Tovuz, Qusar və Cəlilabad kartofunun orta qiyməti 70-80 qəpikdir. Gədəbəy kartofunun qiyməti isə 1 manatdan başlayır və 1,50-dək dəyişir. Baha olan kartoflar xüsusi sortlar, məsələn, “Telman” sortudur. Bazarlarda Rusiya və Belarusdan gətirilmiş, xalq arasında “palçıqlı kartof”, “qara kartof” kimi tanınan kartof məhsullarının qiyməti isə 40-50 qəpikdir. Soğanın qiymətində də cüzi artım var. Əvvəllər kiloqramı 65-70 qəpiyə təklif olunan Ağdam və Bərdə soğanı indi 75-80 qəpikdən satılır.
Tərəvəzlər sırasında qiyməti ucuzlaşan yerkökü və kələmdir. Ötən həftə 70 qəpiyə satılan yerkökü artıq 50 qəpiyədir. 3 kiloqramı 1 manata təklif olunan kələmin isə indi 4 kiloqramını 1 manata almaq olar.
Ət məhsullarının qiymətində isə nəzərəçarpacaq artım müşahidə olunur. Əvvəllər 3-3,30 manata təklif olunan ev toyuğunun qiyməti 1 manat bahalaşıb. Üçü 10 manata satılan bu toyuqlar indi 12 manatadır. Balıq məhsulları isə ikinci həftədir ki, bahalaşmaqda davam edir. Daha çox tələbat olan orta ölçülü sazanın bir kiloqramı 7-8 manata təklif olunur, böyük sazanların qiyməti isə 9 manatdan başlayır. Ötən həftə bahalaşmaqda rekord vuran sudak yenə qiymətə minib. Kiçik sudakların bir kiloqramı 10 manatadır, böyük sudakın bir kilosu isə 17 manata təklif olunur. Xanı balığının bir kiloqramının qiyməti yenə də 5 manat olaraq qalır.
Bazardakı bahalaşma bayramla əlaqədar olduğundan prosesin uzun davam edəcəyi gözlənilmir. Elə satıcılar da bunu deyir. Onların sözlərinə görə, bayramdan sonra ən azı bir həftə, on gün satış olmayacaq, yaxud el dili ilə desək, alver öləcək. Çünki əhali bayram bazarlığı etdiyi üçün bir müddət bazara gəlmir, satıcılar isə bunu bildiklərindən həmin günlər mal alıb-satmırlar. Nəticədə bayramdan yalnız bir həftə sonra bazar özünə gəlməyə başlayır və qiymətlər ucuzlaşır.
Süfrələriniz bol, ilaxır çərşənbəniz mübarək olsun!