Tanınmış prodüser Təranə Səmədova qəza törətdi

Tanınmış prodüser Təranə Səmədovanın başına yenə iş gəlib. O, bu dəfə qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Bakının İnşaatçılar prospektində, Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə baş verib.

 

Prodüserin idarə etdiyi “Hyundai” markalı avtomobil “Range Rover” markalı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, prodüserin maşınına ciddi ziyan dəyib.

 

Təranə Səmədova hadisə zamanı tək olduğunu və avtomobili özü idarə etdiyini bildirib: “Fikrim yayınmışdı. Qarşıdakı avtomobil dayandı və mən maşını saxlaya bilmədim”.

 

Qeyd edək ki, prodüsser Təranə Səmədova ötən ilin noyabrında eyni avtomobildə sükan arxasında sərxoş vəziyyətdə saxlanılmışdı. Yol polisi əməkdaşları “Hyundai” markalı avtomobili saxladıqda sürücü Təranə Səmədovanın spirtli içki qəbul etdiyi məlum olmuşdu. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinədən imtina edən prodüsser Post Patrul Xidmətinin əməkdaşları tərəfindən məcburi qaydada tibbi müayinəyə aparılmışdı.

Müəllif | Apa.Tv
Apa.tv