Neft sürətlə ucuzlaşmağa başladı
Birjalarda neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin bir bareli 39,20 dollardan satılıb ki, bu da bir gün əvvəlki qiymətdən 1,27 dollar ucuzdur. Qərbi Texas nefti də eyni dərəcədə dəyər itirib. Hazırda hərraclarda WTI nefti 36,91 dollardan satılır. Bu, dünənki qiymətdən 1,42 dollar aşağıdır.
Neftin sürətlə ucuzlaşmasına İranın neft naziri Bijan Zanqanenin açıqlamaları səbəb olub. Nazir bildirib ki, ölkəsi digər neft dövlətləri ilə birlikdə hasilatı konkret səviyyədə dondurmaq təşəbbüsünə qoşulmayacaq. Zanqane qeyd edib ki, İran bu addımı yalnız hasilat sanksiyalardan əvvəlki səviyyəyə, yəni sutkalıq 4 milyon barel həddinə çatdıqdan sonra ata bilər.
İranın bu açıqlamasından sonra OPEK-in hasilatı dondurmaq danışıqları müvəqqəti olaraq təxirə salınıb. Danışıqlar martın 20-də Rusiyada keçirilməli idi, kartel üzvləri müzakirələri bir ay sonra, aprelin ortalarında Qətərdə keçirmək barədə razılıq əldə ediblər.