Arxangelskdə azərbaycanlılar arasında “razborka”: Bir restoran və bar yandırıldı!
Arxangelskdə azərbaycanlılara məxsus iki restoran yandırılıb. APA TV-nin məlumatına görə, bu gün səhərə yaxın şəhərin Şabalin küçəsində yerləşən “Sultan” barında yanğın baş verib. Barın dəmir örtüyünün üzərində yandırıcı maddələr atılıb, yanğına vaxtıənda müdaxilə edildiyindən alov içəriyə keçməyib. Hadisə yerinə baxış keçirən ekspertlər yanğının texniki səbəblərdən baş vermə ehtimalını rədd ediblər, istintaq azərbaycanlılara məxsus barın qəsdən yandırıldığını ehtimal edir. Hadisədən bir neçə saat sonra şəhərin digər hissəsində yerləşən və yenə də azərbaycanlılara məxsus olan “Şərq” restoranında yanğın baş verib. Naməlum şəxslər ikimərtəbəli restoranın birinci mərtəbəsinin pəncərəsini sındıraraq içəri yandırıcı maddə ilə dolu şüşələr atıblar. Hadisə səhər saatlarında baş versə də, restoranda fəhlələr olub, onlar alovu öz imkanları hesabına söndürməyə çalışıblar. Bunun mümkün olmadığı gördükdən sonra əraziyə yanğınsöndürmə briqadaları çağırılıb. Yanğını törədən şəxslərin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Yerli mətbuat soydaşlarımıza məxsus restoran və barların yandırılmasını azərbaycanlı qruplaşmalar arasında qarşıdurmanın nəticəsi hesab edir.