Bakıda Quran sərgisi: Şuşadan gətirilən kitabın 118 yaşı var
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında "İbrət" İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif bölgələrindən toplanan və fərqli tarixi dövrlərə aid olan Qurani-Kərim kitablarının sərgisi keçirilib.
APA TV-nin xəbərinə görə, sərgidə nümayiş olunan Qurani-Kərim nümunələri arasında unikal tarixi əhəmiyyətə malik dini kitablar, ayrı-ayrı Quran ayələri yazılan vərəqələr, o cümlədən, Azərbaycanın işğal altında olan bölgələrindən çıxarılan Quran nümunələri var.
Arxadakı rəfdə gördüyünüz "Qurani-Kərim" kitabları Azərbaycanın işğal olunmuş bölgələrindən gətirilib. Bu Quran isə Şuşa şəhərindən gətirilib və 118 yaşı var.
Sərgi ziyarətçilərin də böyük marağına səbəb olub. Tədbirdə çıxış edən "İbrət" İctimai Birliyinin sədri Atif İsmayılov Azərbaycanın tarixən dini tolerantlıq baxımından digər ölkələrə örnək olduğunu, İslam dininin xalqımızın dini inanclarında mütləq bir yerə sahib olduğunu vurğulayıb: "Burda olan Qurani-Kərim kitablarının ən qədimi 593 ilə gəlib çıxır. Bu bir daha sübut edir ki, bizim evlərimizdə Quran sədası keçmişdə də, indi də, gələcəkdə də həmişə olacaq".
Sərginin davamında stendlərlə tanışlıq olub. Bildirilib ki, burada nümayiş olunan Qurani-Kərim kitablarının bəziləri Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib, bir neçəsi də müxtəlif kolleksiyaçılardan toplanaraq sərgiyə çıxarılıb. Bu kitabların arasında ilk dəfə kütləvi nümayişə təqdim olunanları da var.
Təşkilatçılar tərəfindən sərginin 3 gün boyunca davam edəcəyi qeyd olunub.