Mehdiabadda dəhşətli yanğın: 3 və 5 yaşlı iki qardaş öldü - YENİLƏNİB

Abşeron rayonunun Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv. m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. APA TV-nin xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində qeydə alınıb.

 

yanğın kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları - 2011-ci il təvəllüdlü Nihat Ruslan oğlu Zeynalov və 2013-cü il təvəllüdlü Sadiq Ruslan oğlu Zeynalov yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən hər ikisi yolda ölüb.

 

Qonşuların sözlərinə görə, onlar qışqırıq səsinə çıxıblar. Uşaqların anası özünü çölə ataraq evində yanğın olduğunu, körpələrin isə evdə köməksiz vəziyyətdə qaldığını bildirib. Pəncərənin dəmir barmaqlıqları qonşular tərəfindən qırılıb: "Anasından soruşdum ki, uşaqlar hardadır, dedi otaqdadır. Uşaqlar çarpayının altına girmişdilər. Xalam oğlu ilə dəmir barmaqlığı, şüşəni qırdıq. Amma uşaqları çıxara bilmədik. FHN-ə zəng elədik, onlar gəlib çıxartdılar uşaqları".

 

FHN-dən verilən məlumata görə, yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan yarandığı ehtimal olunur. 

Müəllif | Apa.Tv