Komitə sədri: "Əsas problem yerli icra nümayəndələrinin qanunu bilməməsidir"
Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Şamaxı şəhərində vətəndaşları qəbul edib. Beş rayonun vətəndaşlarının iştirak etdiyi qəbulda komitə sədrinə Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşaması ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi kimi müraciətlər edilib. Bəzi vətəndaşlar isə qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər edib. Komitəsinin sədri Qərib Məmmədov deyib ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin qısa müddətdə icrası məqsədilə komitənin rayon və şəhər şöbələrinin müdirlərinə də rəsmi qaydada tapşırıqlar verilib: "Ayrı-ayrı zonalarda biz görüşərkən eyni problemlərlə üzləşirik. Bu problemlərin birincisi yerli icra nümayəndələrinin, yerli mütəxəssislərin laqeyidliyi , qanunu bilməməsidir".
Qərib Məmmədov bildirib ki, bilavasitə komitəyə aid müraciətlər dərhal yerindəcə həll edilib.