Artur Rasizadə Milli Məclisdə hesabat verdi
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında ötən həftənin bazar günü Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədov terror qurbanlarına rəhmət, yaralananlara isə şəfa diləyib.
Bundan sonra parlamentin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı müzakirəyə çıxarılıb. Hesabatı baş nazir Artur Rasizadə təqdim edib. “Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlərarası geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb” - deyən baş nazir bildirib ki, belə bir vaxtda ölkədə iqtisadi artımın təmin edilməsi o qədər də asan deyil.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkən Artur Rasizadə qeyd edib ki, ötən il ordunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində ciddi işlər görülüb: “Son zamanlar işğalçı tərəfin təxribat xarakterli hücumlarına verilən layiqli cavablar da bunu bir daha sübut edir”.
Baş nazir əlavə edib ki, ötən il 1500 zabit mənzillə təmin edilib, Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif mənbələrdən 70 mln. manatdan çox vəsait daxil olub. Ötən il Silahlı Qüvvələrə ümumilikdə 3,3 mlrd. manat vəsait xərclənib.
Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Yevda Abramov əhalinin qeyri-qanuni borclarla yüklənməsindən şikayətlənib. Yevda Abramov tək elektrik enerjisi borcları ilə bağlı deyil, bir sıra sahələrdə məmurlar tərəfindən əhalinin incidildiyini bildirib. Onun sözlərinə görə, apardığı araşdırma nəticəsində məlum olub ki, əhaliyə yüklənən belə borclar milyon manatlarladır: “Bu nədir belə? Bu, yəqin ki, aidiyyəti məmurların yeyintiləridir və indi əhalinin üzərinə yazıb prezidentdən maliyyə amnistiyası gözləyirlər. Sonra da deyirlər Qubada üsyan qalxıb. Niyə qalxmasın?"
Milli Məclisdə bəzi məmurların fəaliyyəti kəskin tənqid olunub. Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli çıxış edərək deyib ki, məmurlar ictimaiyyətə açıq olmalıdır: “Amma kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək mümkündür? Kim desə, o, Ginnesin Rekordlar Kitabına düşməlidir. Hacıbala Abutalıbovun qəbuluna düşmək mümkün deyil".
"Ölkədə islahatlar kompleks xarakteri daşımayacaqsa, gözlədiyimiz nəticəni ala bilməyəcəyik" - deyən deputat Qüdrət Həsənquliyev isə məhkəmə-hüquq sistemində problemlərin çoxluğundan danışıb: “Bəzi hallarda məhkəmə qərarları qüvvəyə minir, onun möhürü qurumamış icraçılar hərəkətə keçir. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz. Bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər. Bəzi vəkillər də onlara vicdansız üsulla dəstək olurlar”.
İclas müzakirələrlə davam etdirilib.