Ağstafada ərzaq mağazalarının qənimləri ələ keçdi: "Bir də eləmərik"
Ağstafada oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Ağstafa Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Dağ Kəsəmən və Eynallı kəndində mağazadan müxtəlif ərzaq məhsulları, spirtli içki və tütün məmulatları oğurlayan habelə ödəniş terminalından oğurluq etməyə cəhd edən rayonun Vurğun qəsəbə sakini, 1991-ci il təvəllüdlü Məhərrəm Rafiq oğlu Seyidov və Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Famil oğlu Xəlilov saxlanılıb.
Onlar törətdikləri cinayətləri etiraf ediblər.
Məhərrəm Seyidov: "Heç kimə məsləhət bilməzdik. Bir səhvdir eləmişik, bir də eləmərik".
Elnur Xəlilov: "Birdən-birə oldu. Deyək ki, əvvəlcədən plan qurmuşuq, yox. Şeytana lənət".
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.