Azərbaycan prezidenti: "Türkiyə xalqına qarşı terror aktlarının nəticəsi olmayacaq"
Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib.
APA TV-nin məlumatına görə, daha sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası baş tutub.
İclasda 6 sənəd imzalanıb. Sənədləri Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan imzalayıblar.
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra Prezidentlər media qarşısına çıxıblar.
“Azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasını Bakıda keçirəcəkdik, terror olayından sonra prezident İlham Əliyev iclasın Ankarada keçirilməsini təklif etdi” - deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu addım Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu göstərmək baxımından da çox önəmlidir: “Mərhum Heydər Əliyevin dediyi kimi, bunu "Bir millət, iki dövlət"in təzahürü olduğunu bir daha ifadə edirəm. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır”.
"Terrordan bir vasitə olaraq istifadə edənlər Türkiyəni diz çökdürə bilməyəcək, özləri diz çökəcəklər" deyən Türkiyə prezidenti qeyd edib ki, dost və qardaş ölkələrin də dəstəyi ilə Türkiyə bu sıxıntıları arxada qoyacaq: “Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına təşəkkür edirəm. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik".
Ərdoğan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları 1 il Azərbaycanda, 1 il Türkiyədə keçirilməyə davam edəcək: “Qarşıdakı dövrdə yenə bir araya gələcəyik. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı olacaq, o iclasda yenə görüşəcəyik. Aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirlə əlaqədar Bakıda olacağam. Vaşinqtonda nüvə sammitində də bir araya gələcəyik”.
Azərbaycan prezidenti İlham Əliyev isə Ankarada terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib: "Biz bu dəhşətli terror aktını qətiyyətlə qınayırıq və türk xalqının yanındayıq. Birliyimiz əbədi, sarsılmazdır".
Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə yaxşı və ağır günlərdə daim bir-birinin yanındadır: “Türkiyə xalqına qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyəni haqq yolundan döndərə bilməz. 25 ildir ki, Azərbaycan və Türkiyə bir-birinə dəstəkdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, biz heç vaxt bunu unutmayacağıq. Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir”.
Prezident İlham Əliyev xatırladıb ki, ötən il Türkiyə “G-20” toplantısına Azərbaycanı dəvət edib: “Türkiyə bu sammitə bir ölkəni dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi. Buna görə təşəkkür edirəm. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar”.
Dövlət başçısı qeyd edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həll edilməsinə dəstək verib: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ədalətsizliklə üzləşib. Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçirib. Bu da çox yaxşı ənənədir. Biz Türkiyədən müxtəlif hərbi texnika və silah alırıq. Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir”.
Prezident qeyd edib ki, mədəniyyətlərarası dialoqun genişlənməsində Türkiyənin böyük rolu var: “Gələn ay Bakıda Sivilizasiyalararası Dialoq üzrə tədbir keçiriləcək, bu təşəbbüsün müəllifi də Rəcəb Tayyib Ərdoğandır. Biz birgə islamofobiyaya qarşı mübarizə aparırıq. Bu gün islamofobiya müxtəlif ölkələrdə güclənib. Bəzi media qurumları məqsədyönlü şəkildə kampaniya aparır, islamı terrorla eyniləşdirmək cəhdləri gözümüz önündədir. Bu dözülməzdir. Bu, sivilizasiyalararası problemə gətirib çıxara bilər. Bu gün qaçqınlar problemini görürük və əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə böyük sayda qaçqınları ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Azərbaycan bunun nə qədər ağır məsələ olduğunu bilir, 1990-cı illərdə Ermənistanın işğalı nəticəsində ağır humanitar çətinliklə üz-üzə qalmışdıq”.
Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan qədər dünyada bir-birinə bağlı olan dövlətlər yoxdur: “Mənə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edir, qardaş türk xalqına sülh, əmin-amanlıq arzulayıram”.