Nazir müavini: "Ali məktəblərdə bəzi ixtisaslar tələblərə cavab vermir"
“Ölkədə real biliyə qiymət veriləndə diplom xətrinə oxuyanlar işsiz qalacaq”. APA TV-nin xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında dedi. Nazir müavininin sözlərinə görə, Azərbaycandakı ali təhsil müəssisələri keyfiyyətli təhsil verə bilirsə, onun kadrlarına hər zaman ehtiyac yaranacaq. Nazir müavini xaricdə təhsil alan gənclərin Azərbaycanda işlə təmin olunmaması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb: “Çünki burada əsas diplom deyil, güclü biliyə önəm veririk. Bizdə nə qədər ki, diplom önəmli olacaq, gənclərin işlə təminatı problemlərini aradan qaldıra bilməyəcəyik”.
Ceyhun Bayramov dünyanın müxtəlif universitetlərində təhsil alan gənclərin diplomlarının tanınması məsələsinə də aydınlıq gətirdi. Bildirdi ki, hər hansı bir insan xaricdə ali təhsil alırsa və onun təhsilini təsdiq edən sənəd varsa, bunu Təhsil Nazirliyinə təqdim etməlidir.
Nazir müavini qeyd etdi ki, nazirlik xaricdə oxuyaraq, Azərbaycana qayıtmış gənclərin işlə təminatı və onlar barədə bütün məlumatları özündə əks etdirəcək Karyera Planlama Mərkəzi yaratmağı nəzərdə tutur.
Onun sözlərinə görə, bu gün Azərbaycanın ali təhsil müəssisələrində bəzi ixtisaslar dövrün tələblərinə cavab vermir. Bu məsələ Təhsil Nazirliyi tərəfindən araşdırılacaq.
Oktyabrın 4-6-da 7-ci Azərbaycan Beynəlxalq "Təhsil və Karyera sərgisi keçiriləcək. Bu il sərgiyə 17 ölkənin 107 təmsilçisi qatılacaq.