Bakıda "Audi" iki qadını vurdu

Ötən gecə Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə,  hadisə Həsən Əliyev küçəsində qeydə alınıb.

 

"Audi" markalı avtomobillə hərəkətdə olan 34 yaşlı Cavid Etibar oğlu Nəzərov yolu keçmək istəyən iki piyadanı vurub. Piyada keçidində vurulan piyadalar 48 yaşlı Sənubər Hacıyeva və onun xalası qızı, 48 yaşlı Raifə İsayeva olub. Onlar qohumlarının evinə bayramlaşmağa gedirmişlər.

 

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Dərhal əməliyyat olunan yaralıların vəziyyətinin orta ağır olduğu bildirilib.

 

Şahidlərdən biri hadisəni belə xatırlayır: "İki qadın piyada keçidindən keçəndə sürətlə gələn "Audi" markalı maşın onları vurdu. Maşının sürəti həddindən çox yüksək idi. Maşın qadınları vuran zaman onları 10-15 metr irəliyə atdı".

 

Qəzanı törədən sürücü Cavid Nəzərov sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Onun sərxoş olmadığı məlum olub. Avtomobil cərimə meydançasına aparılıb. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Müəllif | Apa.Tv