Belçikada Paris terrorçularına qarşı əməliyyat: 4 polis yaralandı

Ötən ilin noyabrında Parisdə törədilmiş silsilə terror aktları ilə bağlı cinayət işi çərçivəsində Brüsseldə xüsusi əməliyyat keçirilib.

 

APA TV-nin  məlumatına görə, əməliyyat zamanı silahlı müqavimət göstərilib. Baş vermiş atışma nəticəsində dörd polis əməkdaşı yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

 

Terrorçu olduqları ehtimal olunan silahlı şəxslərin sayı barədə dəqiq məlumat verilmir. İnsident Brüsselin Fore kommunasında baş verib. Hadisə yerinə polis və ordunun xüsusi təyinatlı qüvvələri, həmçinin zirehli texnika cəlb olunub.

 

Xatırladaq ki, İŞİD ötən il noyabrın 13-də Parisdə silsilə terror aktları törədib.  Partlayışlar nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb.

Müəllif | Apa.Tv