İdarə rəisi korrupsiya cinayətlərinin ən çox törədildiyi sahələri açıqladı

Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət, beynəlxalq təşkilatlar və media nümayəndələri ilə görüş keçirilib. İdarənin rəisi Kamran Əliyev qurumun fəaliyyəti barədə məlumat verərək yeni binanın müasir standartlara cavab verən texniki vasitələrlə tam  təmin edildiyini bildirib. Bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məlumat verən idarə rəisi məhkəmələrə göndərilən 138 cinayət işinin bütün sahələri əhatə etdiyini deyib. Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq-mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “Azərenerji”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlıdır: "Bu müddət ərzində 180 cinayət işi başlanıb. Mübarizə İdarəsi tərəfindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 3915 müraciət daxil olub. 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib". 

 

Bu il Azərbaycanda korrupsiyaya görə məsuliyyətə cəlb edilərək məhkəmə qarşısına çıxarılan vəzifəli şəxslərdən bəraət alan olmayıb. İstintaqı başa çatdırılan cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması təmin edilib. İstintaqı aparılan və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib. K. Əliyev, həmçinin qeyd edib ki, korrupsiya ilə mübarizə aparmaq və onun kökünü birdən cərrahiyyə yolu kəsmək mümkün deyil. Bu mübarizə terapiya yolu ilə aparılır və uzun müddət davam edir.

Müəllif | Apa.Tv