Azərbaycanlı ustanın əlindən əsrarəngiz qum sənəti - REPORTAJ

Qədim dövrlərdə qumdan vaxtı ölçmək üçün istifadə olunsa da, müasir dövrümüzdə bir çox məqsədlər üçün istifadə edilir. Gördüyünüz bu qum vasitəsilə rəssamlar müxtəlif sənət əsərləri yaradırlar.

 

Qum sənəti işıqlı masa üzərində qum dənələrindən rəsmlərin hazırlandığı sənət sahəsidir. Qumla rəsm çəkmə sənətinin əsası ABŞ-ın cənub-qərbində yaşayan rəssamlar, eləcə də tarixən Avstraliya ərazisində yaşayan aborigenlər və Latın Amerikasının sakinləri tərəfindən qoyulub. Animasiyalı film olaraq ilk dəfə Kanadada amerikalı rəssam Caroline Leaf tərəfindən nümayiş etdirilib. Son beş ildə bu sahə Azərbaycanda da inkişaf etməyə başlayıb. Gənc rəssam Aydın Quliyev də könlünü qum sənətinə verənlərdəndir: "Qum sənəti elədir ki, çəkdiyimiz rəsmin yenisinə keçmək üçün əvvəlki silinməlidir. Çəkib silə də bilirəm, amma saxlamaq istədiyim rəsmin fotosunu çəkib saxlayıram. O zaman çəkdiyim rəsm qala bilər. Artıq 2 ilə yaxındır bu işlə məşğulam. Pedaqoji Universitetdə Bədi qrafika ixtisası üzrə təhsil almışam. Bu sənətə isə Elçin müəllimin sayəsində yiyələnmişəm. Haradasa iki aya yaxın öyrəndim. Hələ də öyrənirəm, mükəmməl saymaq olmaz".

 

Aydın Quliyev deyir ki, bu sahə ilə məşğul olmaq üçün həvəs, bir də rəssamın öz fantaziyası olmalıdır. Vaxtilə sənətdən uzaqlaşmaq da istəyib, amma müəlliminin təkidi ilə işini davam etdirib. Onun fikrincə, bu sənətdə uğur qazanmaq üçün səbir və öz üzərində mütəmadi olaraq çalışmaq əsas şərtdir: "Əvvəllər 30 dəqiqə vaxt ayırıb çəkdiyim rəsmi indi 2, 5 dəqiqəyə çəkə bilirəm. Bu da ondan irəli gəlir ki, öz üzərimdə çalışmışam, hər dəfə işləyərək əlim öyrəşib".

 

Aydın Quliyev yağlı boya ilə də rəsm çəkir. Ancaq qumla rəsm çəkmə sənətinin daha çətin olduğunu deyir: "Karandaşla o mənada asandır ki, ən incə nöqtələri göstərmək olur. İnsan çəkirsənsə, onun gözünü, qaşını göstərmək olur, amma qumla elədir ki, tam incəlik vermək bir az çətindir. Bunun üçün müəyyən vaxt lazımdır ki, öz üzərində çalışdıqdan sonra alına bilər. Karandaşla daha asandır, çünki tez pozub tez üstündən çəkə bilərsən. Pozursan, düzəldirsən. Amma qumda pozsan, gərək yenidən başlayasan".

 

Gənc rəssam Aydın Quliyev daha çox təbiət və tarixi mövzulara aid rəsmlər işləyir. Bu sənəti öyrənmək istəyənlərə kömək də edir. Amma buna qazanc yeri kimi baxmır. Çörəyi isə el şənliklərindən çıxır. Əvvəllər daha çox sifarişin alsa da, indi işinin zəiflədiyini bildirir: "Sifarişlər ad günlərinə, toylara olur. Orada canlı çıxış edirik. Toy mövzularında daha çox sevgi hekayəsi olur və bəylə gəlin haqqında olur. Onlar öz ssenarilərini verirlər. Necə görüşdülər, harada görüşdülər, necə tanış oldular, hara getdilər - mənə qabaqcadan deyirlər. Məşq edirəm ki, hazırlayıb, sonra canlı göstərim. Bir toydan 150-200 manat qazancım olur".

 

- Bu qum biz bildiyimiz adi qum deyil, xüsusi qumdur?

 

- Dəniz qumu ilə kvars qumunu qatıram ki, istədiyim səviyyədə olsun. Onunla rahat işləmək olur. 5-6 kq yığmışam bu qumdan.

 

Rəssamın sözlərinə görə, düyü və quru çaydan da bu cür rəsm əsərləri yaratmaq mümkündür. Amma bu üsuldan istifadə etmir. Deyir ki, bu, həm artıq xərcdir, həm də istədiyin effekti almaq mümkün deyil: "Qum elədir ki, bizdə stol işıqlıdır, səpəndə standart boz rəng olduğundan rahat tündlük, açıqlıq vermək olur. Çay da elədir ki, ancaq qaradır, eyni ton əmələ gəlir. Düyü də ağ rəngdədir, gərək onu çox səpəsən, həm də çətin alınır".

 

- Qədim və müasir Bakını təsvir etdiniz.

 

- Burada "İçərişəhər, "Alov Qülləsi" və Teleqülləni göstərdim. Ümumiyyətlə, iş görərkən lirik mahnılara üstünlük verirəm. Tarixi mövzular götürəndə daha çox öz sənətkarlarımızın mahnıları ilə hazırlayıram. Lirik mahnı ilə qum sənəti bir-birini tamamlayır, işləyən zaman bir-birinə harmoniya yaradır. İzləyici həm gözəl rəsm əsəri görür, həm də  gözəl musiqi dinləyir.  

Müəllif | Apa.Tv
Almaz Qasımova