Nazirlər Kabineti: Martın 27-də yay vaxtına keçidlə bağlı qərar qüvvədədir

“Akademiya Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi təklifini Prezident AdministrasiyasıNazirlər Kabinetinə göndərib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, akademik Rasim Əliquliyev deyib.

 

O qeyd edib ki, AMEA yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi ilə bağlı məsələyə öz elmi baxışını ortaya qoyub: “Biz bu məsələdə qərar qəbul edən qurum deyilik. Biz təkliflə çıxış etmişik. Bizdən başqa, bu məsələ ilə bağlı müvafiq olaraq başqa təşkilatlara da müraciət olunub”.

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə APA-ya açıqlamasında bildirib ki, martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçidlə bağlı qərar qüvvədədir. Bu il martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Həmin gün saat 04.00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.

Müəllif | Apa.Tv
Apa.tv