Səfirlər Sabirabadda “Novruz Dostluq Festivalı”na qatıldı
Sabirabadda “ASAN Xidmət”in təşkilatçılığı ilə keçirilən “Novruz Dostluq Festivalı”na 4 ölkənin Azərbaycandakı səfir və diplomatları qatılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Türkiyə, İran, Hindistan və Əfqanıstanın ölkəmizdə fəaliyyət göstərən səfirlik nümayəndələrinin qatıldığı festival ASAN könülülərinin təşəbbüsü ilə baş tutub.
Festivalın keçirilməsində məqsəd multikulturalizm dəyərlərini təbliğ etmək, mədəni müxtəliflikləri qorumaq, insanlar arasında müxtəlif ölkələrin tarixini, mədəniyyətini, mənəvi dəyərlərini sevmək, eyni zamanda qarşılıqlı anlaşma, dostluq və əməkdaşlığa töhfə verməkdir. Festival çərçivəsində ölkələrin mədəniyyətini əks etdirən milli mətbəx nümunələri, milli-tətbiqi sənət nümunələri və Novruz adət-ənənələri sərgilənib.
Novruz bayramının atributları olan Kosa və Keçəlin iştirakı ilə səhnəciklər, bayram tonqalının qalanması prosesləri xarici qonaqların və yerli sakinlərin iştirakı ilə Kür sahilində baş tutub. Tədbirdə "ASAN Xidmət"in rəhbəri İnam Kərimov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edib.
Tədbirin sonunda səfirlər Sabirabad "ASAN Xidmət"inin işi ilə də tanış olub.