Vesti.az-ın yaranmasından 7 il ötür - REPORTAJ

"APA Holding”in tərkibində fəaliyyət göstərən rusdilli Vesti.az İnformasiya Agentliyinin yaranmasından 7 il ötür.

 

Həmkarlarımız həmişə olduğu kimi, iş başında, xəbər axtarışında idilər. Biz də fürsətdən istifadən edib həm onları təbrik etdik, həm də onların ürək sözlərini eşitdik.

 

Vəfa Fərəcova Vesti.az-da ilk işə başlayanlardandır: "Mən Vesti.az-ın pionerlərindənəm. Agentliyin yaranışından 10-15 gün sonra, 2009-cu ilin aprel ayında mən burda işə başladım. Elə o gündən artıq buranın ayrılmaz hissəsi olmuşam. Bura mənim doğma evimdir deyə bilərəm. "Vesti.az"-ın uğurlarını da, çətinliklərini də öz şəxsi işim kimi qəbul edirəm. Ümid edirəm ki, 70 yaşımızı qeyd edək, uğurlarımız bol olsun.  Oxucularımıza daha maraqlı xəbərlər təqdim edək ki, bizə olan maraq azalmasın".

 

Vesti.az təkcə Azərbaycanda deyil, dünyada, xüsusilə MDB məkanında tanınan, ən çox istinad edilən resurslardan biridir. Redaktor Vüqar Həsənovun sözlərinə görə, agentlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır: "Vesti.az həm evdir, həm də həyat məktəbidir, eləcə də jurnalistika məktəbidir. Bura mənim üçün sözlə ifadə olunmayan bir varlıqdır. Günümüzün necə başlamasına gəlincə, onu deyə bilərəm ki, öncə axtarış sistemləri ilə Azərbaycan və Qarabağla bağlı dərc olunan məqalələrlə maraqlanıram. Daha sonra isə Araz müəllimin rəhbərliyi ilə günün mövzusunu müəyyənləşdirib çalışırıq".

 

"Vesti.az ilk günlərdən geniş oxucu auditoriyasının diqqətini cəlb edib" deyən agentliyin baş direktorunun birinci müavini Zaur Nurməmmədov deyir ki, 7 illik ömür yolunda hər kəsin əməyi var: "Bu işi vahid komanda kimi birlikdə görürük. Bilirsiniz, bir əldə beş barmaq var, onlardan biri əskik olanda o dəqiqə yeri görünür. Arzu edirəm ki, biz həmişə bir olaq, bir yumruq kimi qalaq".

 

Bu gün əminliklə demək olar ki, eksklüziv materiallar, reportaj və müsahibələr Vesti.az-ın populyar internet resurslardan birinə çevrilməsinə səbəb olub. Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Vesti.az dünyanın tanınmış analitikləri, politoloqları ilə yanaşı, Azərbaycan diasporu ilə də fəal əməkdaşlıq edir. Agentliyin baş direktoru tanınmış jurnalist Araz Zeynalovdur. Ad günü ilə bağlı arzularını kamera arxasında bizimlə bölüşən Araz müəllim deyir ki, rusdilli oxucu auditoriyasının maraq dairəsində olmaq həm çətin, həm da maraqlıdır. Çünki Vesti.az-ı Azərbaycanın hüdudlarından kənarda daha çox izləyirlər.

 

Təbriklərə Lent.az informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlu da qoşulur: "APA Holding"ə daxil olan saytlardan ilki Lent.az oldu, daha sonra Vesti.az yarandı. Bu agentlik şəxsən mənim üçün əzizdir. Çünki kollektivdə hörmət etdiyim Araz müəllim və peşəsinə hörmət etdiyim jurnalistlər çalışır. Biz yarananda APA-da çalışan həmkarlarımız bizə şahid oldu, Vesti.az bizdən sonra yaranan ilk sayt oldu. Biz də o anlara şahid olduq. Biz öz təcrübəmizi sevə-sevə bölüşmüşük. Həmkarlarımızı təbrik edirəm. Agentlik yarandığı gündən təmkini və peşəkarlığı ilə həm xəbər, həm də digər janrlarda göstərdiyi fərqə görə rusdilli saytlar arasında çəkili saytdır. Arzum odur ki, oxucu auditoriyası bol olsun və Vesti.az-ın uğurları ilə ayrıca holdingə çevrilməsinin şahidi olaq".

 

“APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev isə deyir ki, yeddi yaş o qədər uzun müddət olmasa da, Vesti.az artıq öz sözünü deyib: "Azərbaycan mətbuat orqanları sırasında Vesti.az-ın öz yeri, öz imzası var. Təkcə Azərbaycanda deyil, MDB məkanında, eləcə də Qafqaz regionunda Vesti.az-ı oxuyurlar, sevirlər. Düzdü, bəziləri, yəni bizim mənfur düşmənlərimiz bəyənmirlər. Agentlikdə Ermənistanın işğalçı siyasətini ifşa edən materiallara üstünlük verilir, Azərbaycanın ermənilər tərəfindən üzləşdiyi haqsızlıqlar dünya ictimaiyyətinə çatdırılır. Ermənilərin daha çox hədəfində olan  Azərbaycan media orqanları arasında Vesti.az öncül yerlərdən birindədir. Biz ən müxtəlif formalarda bunun dəfələrlə şahidi olmuşuq. Hətta rəsmi şəkildə, rəsmi qaydada ermənilər və onların havadarları tərəfindən Vesti.az-a çox ciddi şəkildə etirazlar bildirilib. Bütün bunlara baxmayaraq, Vesti.az öz yolundadır, fəaliyyətini davam etdirir. Biz də bu fəaliyyətində agentliyə yeni-yeni uğurlar arzulayırıq. Arzu edirik ki, bu 7-lərin üstünə bir neçə 7 gəlsin, Araz müəllimin rəhbərliyi ilə Vesti.az böyüsün və inkişaf etsin!"

 

Yaranış günü münasibətilə Vesti.az-da çalışan həmkarlarımızı təbrik edirik! 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı