MSK siyasi partiyalara xəbərdarlıq etdi
Mərkəzi Seçki Komissiyasında siyasi partiyaların maliyyə hesabatlarına həsr olunmuş seminar keçirilib.
APA TV-nin məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov partiyaların illik maliyyə hesabatlarını hər il aprelin 1-nə qədər təmin etməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu günə qədər 14 siyasi partiya 2015-ci il üzrə illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Partiyalar qanunvericiliyə uyğun olaraq aprelin 1-ə qədər illik maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi və hesabatların dərc edilərək rəsmiləşdirilməsi prosesini başa çatdırmalıdır: “Biz bu ildən başlayaraq hesabatlarını təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımları atacaq, bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq müraciət edəcəyik. Ümid edirəm ki, bununla bağlı siyasi partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq”.
MSK üzvü Ramiz İbrahimov deyib ki, siyasi partiyalar maliyyə hesabatlarını müstəqil auditorun rəyi ilə birlikdə MSK-ya təqdim etməlidirlər. O, MSK-nın siyasi partiyaların maliyyə hesabatlarını elektron qaydada qəbul etməsi yönündə iş apardığını da nəzərə çatdırıb.
Tədbirdə Auditorlar Palatasının, Maliyyə və Ədliyyə nazirliklərinin nümayəndələri mövzu ilə bağlı çıxış ediblər.