Lənkəranda ilaxır çərşənbə - REPORTAJ

Novruza aid folkloru, adət ənənəsi ilə seçilən lənkəranlılar ilaxır çərşənbəni özünəməxsus qaydada qeyd edirlər. Bu adətlərdən biri də odur ki, ilin son çərşənbə günü yerli sakinlər yaşadıqları ərazilərə yaxın olan axar su, çaya gəlib ənin-amanlıq üçün dualar edirlər.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, adəti üzrə hər il lənkəranlılar çərşənbə gününü Lənkəran çayının kənarında qeyd edirlər.

 

Çay kənarında qohumlar, tanışlar, dostlar bir-birləri ilə hal-əhval tutur, bayramlarını təbrik edirlər. Sonra birlikdə çaydan su götürüb əl-üzlərini yuyur, bu zaman suya niyyətlərini deyir, dərd qəmlərinin isə çay vasitəsilə axıb getməsini arzulayırlar. Həmçinin evlərdə olan köhnə paltarlardan da götürüb suya atırlar.

 

Yerli sakinlər su üstünə gəlmələrini müxtəlif cür izah edirlər. Suyun həyat olduğunu, susuz yaşamağın mümkün olmadığını və suyun pak olduğunu bildirən sakinlər, adətə görə, axar suyu bardağa doldurduqdan sonra evə kimi heç kimlə danışmırlar. Yalnız o sudan evə, ailə üzvlərinin üstünə səpəndən sonra niyyət edilir, xeyir dualar verilir.

 

Qeyd edək ki, illərin sınağından çıxmış bu adət çərşənbə günü gün boyu davam edir. 

Müəllif | Apa.Tv