Avropa Azərbaycan Cəmiyyəti 10 illik yubileyini qeyd edib

"Avropa Azərbaycan Cəmiyyətinin və “Visions of Azerbaijan” jurnalının yaranmasının 10 ili tamam olur. Avropa Azərbaycan Cəmiyyəti 2006-cı ildə Böyük Britaniyada təsis edilən London-Azərbaycan Cəmiyyətinın əsasında yaradılıb". Bu açıqlamanı APA TV-yə Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov verib.

 

AAC sədri bildirib ki, ötən 10 il ərzində Avropa Azərbaycan Cəmiyyəti Qərbdə Azərbaycanın müsbət imicinin güclənməsinə xidmət edən platforma kimi genişlənib, Azərbaycanın uğurlarını, antiazərbaycan dairələrin apardığı əks-təbliğatın əsl mahiyyətini Avropada qeyri-hökumət xətti ilə təqdim edən əsas təşkilatlardan biri kimi formalaşıb: "Bu son 10 ildə əlbəttə ki, biz çox sayda tədbirlər keçirmişik, çoxlu sayda layihələr gerçəkləşdirmişik. Bu işlərdə məqsəd Azərbaycanın Avropada tanınması olub. Bizim üçün bir nömrəli prioritet daşıyan məsələ Dağlıq Qarabağ münaqişəsi olub ki, bununla bağlı çoxlu sayda tədbirlər keçirmişik. Məqsədimiz Avropada Azərbaycanın tanıdılması və Azərbaycan ədəbiyyatını, elmini, mədəniyyətini, tarixini və münaqişə haqqında obyektiv məlumatları çatdırmaq olub. On il ərzində çox böyük uğurlara imza atmışıq”.

 

Tale Heydərov bildirib ki, AAC ayrı-ayrı Avropa ölkələrinin parlamentlərinin deputatları və dövlət qurumlarının, xüsusilə xarici siyasət strukturlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar və rəsmi açıqlamalar verməsinə nail olub: "Biz nə qədər uğurlarımız haqqında danışsaq da, hələ də  hədəfə çatmamışıq. Hədəfə çatmaq Azərbaycan prezidenti cənab İlham Əliyevin səyi, Azərbaycan hökumətinin səyi və bizim kimi təşkilatların kiçik də olsa töhfəsi nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarımızı geri qaytardıqdan sonra olacaq. Yalnız bu zaman biz hədəfə çatmış olacağıq. O vaxta qədər isə dayanmadan işlərimizi görməliyik".

 

Cəmiyyət sədri deyib ki, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il Avropanın 30-dan çox şəhərində tədbirlər təşkil edilib: ““Xocalıya ədalət!” kampaniyasına aktiv şəkildə qoşulmuşuq. Leyla xanım Əliyevanın rəhbərliyi altında biz bu təşkilata töhfəmizi vermək istəyirik. Bir necə ildir ki, bu sahədə ardıcıl fəaliyyətimizi davam etdiririk”.

 

Qeyd edək ki, bu gün Bakıda Avropa-Azərbaycan Cəmiyyətinin və “Visions of Azerbaijan” jurnalının yaranmasının 10 illiyi təntənəli şəkildə qeyd edilib.

 

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Əli Həsənov çıxışında Avropa-Azərbaycan Cəmiyyətinin və “Visions of Azerbaijan” jurnalının kollektivini təbrik edib:

 

“Jurnalın yaradıcı heyətinə Avropa-Azərbaycan Cəmiyyətinin fəaliyyətində iştirak edənlərə Azərbaycan üçün, ölkəmiz, dövlətimiz , vətənimiz üçün göstərdikləri bu önəmli xidmətdə uğurlar arzulayıram”.

 

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Avropa Azərbaycan Cəmiyyətinin timsalında ölkə gəncliyini təbrik edib: "Mən Avropa-Azərbaycan Cəmiyyətinin 10 illiyi münasibəti ilə təkcə bu cəmiyyətin üzvlərini deyil, bütün Azərbaycan gəncliyini təbrik etmək istəyirəm. Sözün əsl mənasında sizə təbriklər düşür. Çünki ötən 10 il ərzində Azərbaycanımızın dünya miqyasında təbliğ olunmasında , milli dəyərlərimizin , tariximizin təbliğ olunmasında bu cəmiyyətin müstəsna xidmətləri olub”.

 

Azərbaycan Turizm və Menecment universitetinin rektoru Cəfər Cəfərov isə deyib ki,  Avropa-Azərbaycan Cəmiyyətinin və “Visions of Azerbaijan” jurnalının yaranması çox önəmlidir: "Bir tarixçi kimi bu təşkilatın fəaliyyətində Azərbaycanın tarixinin, onun mədəniyyətinin işıqlandırılması istiqamətində çox böyük işlər görüldüyünü deyə bilərəm. Cəmiyyət bir qeyri-hökumət təşkilatı olaraq cəmiyyət həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda əhəmiyyətli dərəcədə xeyli faydalı işlər görür”.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı