Bakıda güclü yanğın baş verdi: 75 yaşlı qadın öldü, əri və oğlu yaralandı

Bakının Yasamal rayonu ərazisində yanğın hadisəsi olub. APA TV-nin məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Yanğın Nəriman Nərimanov küçəsindəki beş otaqlı evdə qeydə alınıb. Hadisə zamanı evdə 75 yaşlı Quliyeva Səriyyə Kərim qızı və onun həyat yoldaşı Balağa Quliyev olub. Balağa Quliyevi yaralı vəziyyətdə xilas etmək mümkün olsa da, Səriyyə Quliyeva yanğında dünyasını dəyişib. Gözləri görməyən ahıl qadının tüstüdən boğulduğu ehtimal olunur.

 

Balağa və Səriyyə Quliyevlərin oğlu Hacıağa Quliyev evlərində baş verən yanğın barədə xəbəri işdə alıb. O, dərhal hadisə yerinə gəlib və içəridə qalan anasını xilas etmək ümidi ilə özünü alovun içərisinə atıb. Nəticədə Hacıağa Quliyev yanıq xəsarətləri alıb. O və atası Balağa Quliyev Respublika Yanıq Mərkəzinə çatdırılıblar.

 

Yanğın baş verən əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb. Yanğınsöndürən-xilasedicilər 75 yaşlı Səriyyə Quliyevanın meyitini çıxarıblar.

 

Evində yanğın baş verən ailənin yaxınları bildiriblər ki, martın 16-sı səhər saatlarında əraziyə təbii qazın verilişi dayandırılıb və axşam saatlarında bərpa edilib. Bundan xəbəri olmayan və qaz avadanlıqlarını açıq qoyan ahıl ər-arvadın evində qəfildən yanğın başlayıb.

 

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev APA TV-yə açıqlamasında bildirib ki, əvvəlcədən elan edildiyi kimi, martın 16-da bir neçə rayonun, o cümlədən, Bakının Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olub. Diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə saat 10:00-dan əvvəlcədən edilmiş xəbərdarlığa uyğun olaraq, təbii qazın verilişi dayandırılıb: “Qazın verilməsi saat 17.00-da bərpa edilib. Yanğın isə bundan 2-3 saat sonra baş verib. Hazırda müvafiq qurumlar yanğının səbəbləri ilə bağlı araşdırma aparır. Hadisənin qazla bağlı səbəblərdən baş verib-vermədiyini indidən demək olmaz”.

 

Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin istintaq şöbəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

 

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı rəsmi məlumat yayıb. Məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət ümumi sahəsi 600 kv.m olan (hər mərtəbəsi 300 kv.m ) binanın 1-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə, 2-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mənzilin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə yanıb. Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb və bir nəfər tüstüdən zəhərlənib. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Digər mənzillər yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv