Çempionlar Liqası: "Bavariya" "Yuventus"u, "Barselona" "Arsenal"ı kənarlaşdırdı

Almaniyanın “Bavariya” klubu Çempionlar Liqasının 1/8 finalında İtaliyanın “Yuventus” komandasını məğlub edib.

 

APA TV-nin xəbərinə görə, Münhendə keçirilən qarşılaşma meydan sahiblərinin oyunun əsas vaxtına əlavə edilmiş hissələrdə əldə etdiyi 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

“Yuventus” ilk hissədə 2:0 hesabı ilə irəli çıxıb. Qonaqların qollarını fransalı yarımmüdafiəçi Pol Poqba və kolumbiyalı hücumçu Xean Keadrado vurub.

 

Meydan sahibləri iki top geridə olsalar da, ruhdan düşməyiblər və ikinci hissədə oyunda kəskin dönüşə nail olublar. Əvvəlcə 73-cü dəqiqədə Robert Levandovski fərqlənib. İkinci hissəyə əlavə edilmiş dəqiqələrdə isə Tomas Müller qarşılaşmanı əlavə hissələrə aparan qolu vurub - 2:2.

 

Əlavə hissələrdə “Bavariya” daha iki qol vurub. Əvəzetmə ilə meydana çıxan Tyaqo Alkantara komandasını hesabda irəli çıxarıb, Kinqsli Koman isə fərqi iki topa çatdırıb - 4:2.

 

Qeyd edək ki, fevralın 23-də Turində keçirilən ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınmışdı.

 

Digər qarşılaşmada təəccüblü heç nə baş verməyib. İspaniyanın “Barselona” klubu ilk oyunda səfərdə 2:0 hesabı ilə məğlub etdiyi İngiltərə “Arsenal”ından öz meydanında da üstün olub. “Barselona” Neymar, Luis Suares və Lionel Messinin qolları ilə 3:1 hesablı qələbə qazanıb. Qonaqların təsəlli qolunu Məhəmməd Elneni vurub.

 

Xatırladaq ki, daha əvvəl 1/4 finala Fransanın PSJ, Portuqaliyanın “Benfika”, Almaniyanın “Volfsburq”, İngiltərənin “Mançester Siti”, eləcə də İspaniyanın “Real” və “Atletiko” klubları vəsiqə qazanıblar. 1/4 final mərhələsinin püşkü martın 18-də Nyonda atılacaq. 

Müəllif | Apa.Tv
Apa.tv