Novxanı bağlarından oğurluq edən iki əmioğlu: "Bilirdik ki, o evlərdə qışda yaşayış olmur"

Sumqayıt polisi Novxanı bağlar massivində 10 evdən oğurluq etməkdə şübhəli bilinən iki əmioğlunu saxlayıb.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt Şəhər Polis İdarəsinə Novxanı bağlar massivində yaşayan vətəndaşlar ərizə ilə müraciət edərək, onlara məxsus bağ evlərinin naməlum şəxslər tərəfindən qarət olunması ilə bağlı məlumat veriblər.

 

Hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə  şübhəli bilinən iki əmioğlu - Novxanı qəsəbə sakini, 20 yaşlı Ehtiram  Əliyev və Etibar Əliyev saxlanılıb. Maraqlı məqamlardan biri isə odur ki, saxlanılan şəxslər özləri də Novxanı bağlar massivində yaşayır. Ehtiramın sözlərinə görə, sözügedən ərazidə mənzillərinə daxil olduqları şəxslərin qış fəslində paytaxtda yaşadıqlarını qabaqcadan müəyyənləşdiriblər. Oğruların hədəfi mühafizə olunmayan evlərdən oğurluq etmək olub. Onlar əsasən kombi aparatları, televizorlar və soyuducular oğurlayıblar: “Qapıya baxırdıq. Daim Novxanı bağlarında yaşayanıq. Bilirdik ki, o evlərdə yalnız yayda yaşayırlar, qışda yaşayış olmur. Girib içəri götürürdük”.

 

Qohumlar əldə etdikləri qənimətləri Ramana qəsəbəsində satıblar. Malların qiymətinin ucuz olması alıcılarda şübhə yaradanda Etibar həmin malları Dağıstandan gətirmələri ilə izah edib.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv