Almaniyanın məşhur beyin mərkəzi Azərbaycanın son 10 ilini dəyərləndirdi - HESABAT
“Azərbaycan regionun ən güclü və inkişaf etmiş dövlətinə çevrilib”.
APA-nın xəbərinə görə, Berlin Azad Universiteti Xəzər Regionu Araşdırmaları Mərkəzinin nüfuzlu “Qlobal Diplomatiya” analitik portalında dərc edilən hesabatında belə deyilir. Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və ictimai-siyasi inkişafını müqayisə edən hesabatın əsas hissəsi Azərbaycanın son 10 illik inkişafına həsr olunub.
Sənədin müəllifi, Xəzər Regionu Araşdırmaları Mərkəzinin eksperti, tanınmış alman politoloq Mattias Dornfeldt qeyd edir ki, SSRİ-nin süqutundan sonra ölkədaxili siyasi böhran və Dağlıq Qarabağ müharibəsinə görə Azərbaycan Cənubi Qafqazın ən geridə qalan ölkələri sırasında idi. Lakin qısa müddətdə ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə dirçəlişə nail olub. Prezident İlham Əliyev düşünülmüş xarici siyasət nəticəsində müxtəlif dövlətlərin regiondakı bir-birinə zidd olan maraqlarından Azərbaycanın xeyrinə istifadə etməyi bacarıb, ölkənin beynəlxalq əlaqələrini, enerji ixrac və digər nəqliyyat marşrutlarını şaxələndirib.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi ilə enerji xammalının postsovet ərazisindən dünya bazarlarına ixracındakı Rusiya monopoliyasına son qoyulub. TAP və TANAP enerji bəndlərinin istifadəyə verilməsindən sonra ilk dəfə Azərbaycan qazının əhəmiyyətli hissəsi Avropanın daxili bazarına çıxacaq.
Son 10 ildəki hadisələrin inkişafı göstərib ki, regiondakı üç Qafqaz ölkəsi bir-birindən çox fərqlənir. Regional inteqrasiya prosesi müşahidə olunmur. Təhlillər göstərir ki, Azərbaycan Qazaxıstan, Rusiya və Belarus arasında bağlanmış Gömrük İttifaqında və yaranmaqda olan Avrasiya İttifaqında öz gələcəyini görmür. Həmçinin bu Qafqaz respublikası üçün Avropa İttifaqı perspektivi də cəlbedici görünmür.
Hesabatda o da qeyd olunur ki, Ermənistan və Gürcüstandan fərqli olaraq öz təbii ehtiyatlarına güvənən Azərbaycan hökuməti Brüsseldən gələn maliyyə transferindən asılı deyil.
Azərbaycan torpaqlarının işğalı, Rusiya və İrandan olan iqtisadi asılılığı nəticəsində Ermənistan bütün iri regional layihələrdən kənarda qalıb. Bununla belə, Ermənistanın Azərbaycanda gedən iqtisadi yüksəlişdən pay almaq və regional iştirakçı olmaq şansı var. Bu məqsədə çatmaq üçün Ermənistan Dağlıq Qarabağ probleminin həllində sabiq prezident Levon Ter-Petrosyanın dövründə əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməyə hazır olduğunu göstərməlidir.