Rauf Mirqədirov azadlığa buraxıldı - YENİLƏNİB
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub.
Vəkil Fuad Ağayev prosesdən sonra bildirib ki, məhkəmə Rauf Mirqədirovu 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxıb.
Məhkəmə zalından azadlığa buraxılan Rauf Mirqədirov jurnalistlərə açıqlamasında onu müdafiə edənlərə təşəkkür edib, səhhətində problemlər olduğunu deyib.
R.Mirqədirov bildirib ki, məhkəmənin şərti qərar qəbul etməsi bəraət almaq demək deyil: "Bəraət almağa çalışacağam".
Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.