Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində “Bir pəncərə” xidməti yaradılıb
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni - “Bir pəncərə” xidməti yaradılıb. APA TV-nin xəbərinə görə, mərkəzin şöbə müdirinin müavini İsa Əliyev bildirib ki, yeni xidmətin yaradılmasında məqsəd ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, sahibkarların və vətəndaşların müraciətlərinə baxılmasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsidir. Onun sözlərinə görə, Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxal olunan dərman vasitələrinə icazələrin verilməsi, onların laborator təhlilinin aparılması, özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrlə işin təşkili üzrə fəaliyyət göstərir. İsa Əliyev qeyd edib ki, vətəndaşların, sahibkarların müraciətlərinin vaxtı-vaxtında araşdırılması və cavablandırılması istiqamətində mərkəzdə son dövrlərdə ciddi təkmilləşdirmə işləri aparılıb.
"Bu tədbirlərdən biri də “Bir pəncərə” prinsipi ilə işləyəcək sahibkar və vətəndaşlarla iş üzrə xidmətin təşkilidir. Xidmətə əsasən vətəndaşlar və sahibkarlar müraciətlərini bu prinsipə əsasən təqdim edə biləcəklər. Həmin müraciətlər elektron şəkildə qeydiyyata alındıqdan sonra mərkəzin müvafiq şöbələri arasında bölüşdürüləcək və onların vaxtında cavablandırılması təmin ediləcək. Vətəndaşların təqdim edəcəkləri müraciətləri qanunvericiliyə uyğun olan müddət ərzində cavablandırılacaq. Eyni zamanda, dərman vasitələri və tibbi avadanlıqla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq və qanunvericiliyə müvafiq cavablandırılacaq".
İsa Əliyev bildirib ki, hazırda Analitik Ekspertiza Mərkəzinin yenilənməkdə olan internet səhifəsi vasitəsilə gələcəkdə vətəndaşlara və sahibkarla elektron qaydada müraciət imkanı yaradılacaq.