Azərbaycan prezidenti Sumqayıtda olub
Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub. Əvvəlcə dövlət başçısı Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzindəki abidəsini ziyarət edib. Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezidentə ölkənin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib. Prezident 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib və xəstəxanada yaradılmış şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilib. Dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.
Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış olan Azərbaycan prezidenti Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə də maraqlanıb. Dövlət başçısı, həmçinin mərkəzin ətrafında yerləşən Heydər Əliyev Parkında görülmüş işlərlə tanış olub.
Prezident İlham Əliyev “Sağlam qida” aqrar sənaye kompleksinin açılışında da iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunub. Prezident müəssisəni işə salıb, istehsal prosesini izləyib, hazır məhsullara baxıb.
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasiminə də qatılıb. ARDNŞ prezidenti Rövnəq Abdullayev prezidentə məlumat verib ki, park sosial və sənaye zonalarından ibarətdir. Parkın ərazisi altı sənaye zonasına bölünür.
Prezident İlham Əliyev eyni zamanda Sumqayıtda metal boru zavodunun açılışında da iştirak edib.