ABŞ-ın “The Exchange” pop qrupu Lənkəranda konsert verib

ABŞ-ın “The Exchange” pop qrupu bu gün Lənkəran şəhər Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə təşkil olunmuş tədbiri giriş sözü ilə açan səfirliyin Mədəniyyət və Təhsil İşləri Müşavirə Proqramları üzrə mütəxəssisi, İctimai Əlaqələr Şöbəsinin əməkdaşı Emi Pitersen pop qrupunun yaradıcılığı barədə danışaraq bildirib ki, qrup ilk debüt səsyazmalarını 2014-cü ildə buraxıb, Avropa turunda olub, həmçinin NBC telekanalında Sing-Off musiqi yarışmasında finala çıxıb.

 

Rəngarəng proqramla çıxış edən ulduzlardan ibarət 5 nəfərlik vokal pop qrupu öz qeyri-adi istedadları ilə Lənkəran sakinlərini heyrətləndirməyi bacarıblar. İfaçıların diqqəti çəkən ən maraqlı məqam isə onların musiqi alətlərindən istifadə etmədən kapella oxumaları olub. Bir saatdan çox davam edən konsert tamaşaçılar tərəfindən coşğu ilə qarşılanıb.

 

Qeyd edək ki, “The Exchange” pop qrupunun Azərbaycana gəlişindən məqsəd Bakıda, Naxçıvanda, Biləsuvarda və digər yerlərdə ictimai konsertlər vermək və yerli musiqiçilər üçün ustad məşğələləri keçirməkdən ibarətdir.

 

Müəllif | Apa.Tv
Apa.tv