Suriya kürdləri muxtariyyət elan etdilər
Suriya kürdləri ölkənin şimalında federal regionun yaradıldığını elan edib. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə qərar Haseke vilayətində yerləşən Rumeylan şəhərindəki qurultayda qəbul edilib.
Sözügedən qurultayda Suriyada yaşayan kürd, ərəb, assuriyalı, türkmən, çərkəz və ermənilərdən ibarət 200 nümayəndənin iştirak etdiyi bildirilib. Toplantıda həmçinin bölgədə federativ hökumətin yaradıldığı da elan edilib.
Suriya kürdlərinin verdiyi bu qərar İraqın Kürdüstan vilayətində də razılıqla qarşılanıb. İraq Kürdüstanının Moskvadakı nümayəndəsi Aso Təlabani İraqda yaşayan kürdlərin bu qərarı dəstəklədiyini bəyan edib.
Bu arada rəsmi Dəməşq tərəfindən verilən açıqlamada ölkənin şimalındakı kürdlər tərəfindən verilmiş muxtariyyət qərarının qanunsuz olduğu bildirilib.