Sərkisyana qumarbaz deyən erməni deputat cəzalandırılacaq
Ermənistan parlamentinin sədri Ovik Abramyan “İrs” Partiyasının deputatı Zarui Postancyanın Avropa Şurası Parlament Assambleyasındakı davranışı ilə əlaqədar ölkənin AŞPA-dakı nümayəndə heyətinin tərkibinə dəyişiklik ediləcəyini açıqlayıb. APA-nın “epress.am” saytına istinadən verdiyi məlumata görə, Ovik Abramyan bu barədə parlament fraksiyaları ilə məsləhətləşmə apardığını söyləyib.
Parlamentin rəhbəri qeyd edib ki, siyasi mövqenin azad şəkildə ifadəsi demokratiyanın təməl daşlarından biridir, lakin bu, özlüyündə mütləq bir hüquq deyil: “Ermənistan Konstitusiyasının 66-cı maddəsində deyilir ki, deputatın azad mövqe bildirmək hüququ təhqir və böhtanın yolverilməzliyi şərti ilə məhdudlaşdırılır. AŞPA reqlamentinin 21.6 maddəsi də insan ləyaqətini təhqir edən ifadələrdən istifadə olunmasını qadağan edir”.
Ermənistan prezident Serj Sərkisyanın AŞPA-da oktaybrın 2-dəki çıxışından sonra müxalifətçi deputat Zarui Postancyan ona Avropadakı kazinolardan birində 70 milyon avro uduzub-uduzmadığı haqda sual ünvanlayıb.
Zarui Postancyan AŞPA-nın 24 iyun 2009-cu il plenar iclasında səs-küyə səbəb olan təkliflə çıxış edib. O, Ermənistanda 1 mart 2008-ci il hadisələri ilə əlaqədar qəbul edilmiş qətnamələrə dəyişiklik edilməsini istəyib. Təklifinin dəstəklənməsi üçün Postancyan Azərbaycan və Türkiyə nümayəndə heyətlərinə də müraciət edib.