Bakı Bulvarında "Formula 1" xüsusi əyləncə zonası açılacaq
Bu il Bakıda ilk dəfə keçiriləcək "Formula 1" Avropa Qran Prisinin başlamasına 3 ay qalıb. Artıq geriyə sayım başlayır.
APA TV-nin xəbərinə görə, "Baku Grand Prix” şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında deyib ki, martın 19-da Dənizkənarı Bulvarda bununla bağlı xüsusi əyləncə zonasının açılışı olacaq.
Onun sözlərinə görə, bu açılış Novruz bayramı ilə üst-üstə düşəcək və artıq ayın 20-dən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları bu maraqlı əyləncə zonasını ziyarət edə biləcəklər: "Həmin o zona muzeylə üzbəüz, Bulvarın mərkəzi hissəsində - Bakı Biznes Mərkəzi yaxınlığında olacaq. Əyləncə zonasına 20 mart tarixindən etibarən artıq bütün Bakı sakinləri şəhərimizin qonaqları dəvətlidir. Orada "Formula 1"-ə aid olan müxtəlif oyunlar, uşaqlar üçün oyunlar müxtəlif müsabiqələr və s. keçiriləcək. Biz ümid edirik ki, bu bayram günlərində insanlar gəlib orada əylənə biləcəklər. "Formula 1" tanışlıqları olacaq. Bununla yanaşı, martın 20-25-də konsert proqramı olacaq. 21 mart tarixində Xalçaçılıq Muzeyində xüsusi 3D işıq şousu keçiriləcək".
Nigar Arpadarai bildirib ki, hazırlıqlar qrafikə uyğun aparılır, asfalt qatının salınması üzrə işlər yekunlaşmaq üzrədir.