Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin 70 illiyi qeyd olundu

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, məktəbin direktoru Nazim Xudiyev bildirib ki, məktəbin əsası 1945-ci ildə qoyulub, 1988-ci Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar fəaliyyətini dayandırıb. O, 2012-ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən, məktəbin fəaliyyətini bərpa etdiyini diqqətə çatdırıb, Xankəndi məktəbi üçün binanın tikilməsinə və məktəbin fəaliyyətini bərpa etməsinə yardım etmiş hər kəsə minnətdarlığını çatdırıb.

 

Məktəbin direktor müavini Cəmilə Əhmədova çıxışında məktəbin tarixinə nəzər salıb, keçdiyi yoldan danışıb. O, məktəbin Azərbaycanın ictimai-siyasi həyatına böyük şəxsiyyətlər bəxş etdiyini deyərək, məktəbin 100-dən çox məzununun Dağlıq Qarabağ müharibəsində şəhid olduğunu bildirib. O, məktəbin məzunları sırasında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev, daxili işlər naziri Ramil Usubov, deputatlar Flora Qasımova, Elman Məmmədov, alimlərin, elm və təhsil xadimlərinin adını çəkib.

 

Sonra məktəb haqqında videorolik nümayiş etdirilib.

 

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında növbəti görüşün, məktəbin növbəti yubileyinin Xankəndi və Şuşada keçiriləcəyinə ümid etdiyini bildirib. O, Şuşa rayonu sakinlərinin xeyli hissəsinin məhz bu məktəbdə təhsil aldığını vurğulayıb. B.Səfərov Xankəndi məktəbinin yenidən fəaliyyətə başlamasında millət vəkili Flora Qasımovanın rolunu xüsusi qeyd edib: "Heç kimə sirr deyil ki, bu məktəbin tikilməsində və ərsəyə gəlməsində ölkə başçısı ilə yanaşı, deputat Flora Qasımovanın böyük zəhməti var. Hesab edirəm ki, bu məktəb hər kəs üçün fəxr mənbəyidir".

 

Sonra Şuşa Rayon İcra Hakimiyyəti adından məktəbin müəllimləri peşə fəaliyyətə görə diplomlarla təltif ediliblər.

 

Çıxış edən millət vəkili Flora Qasımova həm bu məktəbin şagirdi, həm də müəllimi olduğunu deyib. O, məktəbin müəllimlərinin şagirdlərin təhsilində, dünya görüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib: "Hesab edirəm ki, məktəbin şagirdləri adət-ənənələrimizi, əxlaqi-mənəvi dəyərlərimizi dərindən mənimsəməli, yaşatmalıdırlar. Biz Xankəndini də unutmamalı və unutdurmamalıyıq. Bura həm də Xankəndini xatırladan yeganə məkandır. Arzu edirəm ki, tezliklə belə görüşlərimizi Xankəndində keçirək".

 

Digər tədbir iştirakçıları da məktəblə bağlı xatirələrini bölüşüb, fikirlərini səsləndiriblər. Sonda Şuşa şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifasında rəqslər nümayiş etdirilib. 

 

Müəllif | Apa.Tv
Apa.tv