Putin Suriya əməliyyatına xərclədiyi pulu açıqladı: 33 milyard rubl

"Rusiya hərbi ehtiyatlarını poliqon kimi Suriyada istifadə edib. Oradakı əməliyyatlara 33 milyard rubl (772 200 000 AZN)  xərcləyib". APA TV-nin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin hərbçilərlə görüşündə deyib.

 

"Düzdür, Suriyada hərbi əməliyyatlar müəyyən xərclər də tələb edib. Lakin əsas hissəsi Müdafiə Nazirliyinin resursu olub. Biz, sadəcə, bu ehtiyatları Suriyadakı qruplaşmalara yönəltdik" - deyə Putin bildirib.

 

Rusiya prezidenti onu da əlavə edib ki, Suriyada həyata keçirilən hərbi əməliyyatlardan sonra Silahlı Qüvvələrdə ehtiyat texnika və hərbi arsenalın bərpa edilməsi üçün əlavə xərclərə ehtiyac olacaq.

 

Qeyd edək ki, ötəni il sentyabrın 30-dan Rusiya hərbi aviasiyasına aid qırıcılar Suriyada əməliyyatlara başlayıb. Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatların hədəfinin İŞİD terror qruplaşması olduğunu desə də, bir çox hallarda Əsəd müxalifi olan özünümüdafiə dəstələrinin rus qırıcılarının bombardmanına məruz qaldığı bildirilir.

Müəllif | Apa.Tv