Bakıda “Ənənədən gələcəyə” adlı milli geyim gecəsi keçirildi

Bakıdakı Muzey Mərkəzində Bakı Milli Geyim Evinin “Ənənədən gələcəyə” adlı milli geyim gecəsi keçirilib. APA TV-nin məlumatına görə, dəfilədə əl işi olan 20-dən çox geyim nümayiş edilib.

 

Modellər podiumda milli geyimləri “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” xalq mahnılarının, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək təqdim ediblər.  Geyim evinin art direktoru Könül Vəlibəyli jurnalistlərə açıqlamasında deyib ki, ənənəvi  olaraq hər il   moda sevərlərə geyimlər təqdim edirlər. Onun sözlərinə görə, nümayişləri fərqləndirən nüanslardan biri modellərin geyimləri milli musiqi altında rəqs edərək təqdim etməsidir. Balacaların milli geyimdə bayram ab-havalı mahnı oxuyaraq rəqs etməsi dəfiləyə xüsusi rəng qatıb.

 

Dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 20-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunub. Geyimlərin hər biri əl işidir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.

 

Qeyd edək ki, Bakı Milli Geyim Evi 2009-cu ildə təsis olunub. Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək mümkündür.

Müəllif | Apa.Tv